AZƏRBAYCANIN YENİ SƏNAYE XƏRİTƏSİ: QARABAĞDAN DÜNYAYA UZANAN İQTİSADİ İNKİŞAF MODELİ

Azərbaycan iqtisadiyyatında Prezident cənab İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində yeni mərhələnin konturları formalaşır. Söhbət yalnız növbəti Dövlət Proqramının qəbulundan və yaxud ayrı-ayrı faydalı qazıntı yataqlarının istismara verilməsindən getmir. Qarşıya qoyulan hədəflər göstərir ki, dağ-mədən və metallurgiya sənayesi ölkənin qeyri-neft iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilə bilər.
Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də keçirilən müşavirədə təqdim edilən, sentyabrın 23-də isə təsdiqlənən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” məhz bu baxımdan xüsusi diqqət mərkəzindədir.
Proqramın miqyası rəqəmlərdə daha aydın görünür. 2027–2030-cu illərdə sektor üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti və borc kapitalı, 2 milyard manatının isə özəl vəsait və borc kapitalı hesabına təmin edilməsi nəzərdə tutulur.
Beləliklə, investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb olunması planlaşdırılır. Yeni istehsal güclərinin yaradılması nəticəsində növbəti dörd ildə sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması qarşıya məqsəd qoyulub.
Bu rəqəmlərin arxasında isə daha böyük iqtisadi məntiq dayanır. Həm uzun illər işğal nəticəsində təcrid edilmiş Qarabağın dünya iqtisadiyyatına inteqrasityası, həm də Azərbaycanımızın xammal ölkəsindən istehsal zənciri quran ölkəyə çevrilməsi…
Azərbaycan uzun illər enerji resurslarının ixracından böyük gəlirlər əldə edib. İndi məntiqlə yeni mərhələyə keçirik. Yeni mərhələ mövcud təbii sərvətlərin iqtisadiyyatda daha yüksək əlavə dəyər yaradan formada istifadə edilməsidir. Yəni məsələ filizi çıxarıb satmaqla bitməməlidir. Filizin hasilatı, zənginləşdirilməsi, emalı, metallurgiya məhsullarının istehsalı və son məhsulun daxili və xarici bazarlara çıxarılması vahid iqtisadi zəncirə çevrildikdə təbii sərvətin yaratdığı gəlirin daha böyük hissəsi ölkə daxilində qala bilər. Bütün bunların fonunda Qarabağ və Şərqi Zəngəzurda yeni geosiyasi mərhələ başlayacaq. Məhz buna görə yeni Dövlət Proqramının əhəmiyyəti yalnız dağ-mədən sənayesinin böyüməsi ilə ölçülməməlidir. Burada söhbət “dağ-mədən – emal – metallurgiya – sənaye istehsalı – ixrac” xəttinin genişləndirilməsindən, eyni zamanda sənayə şəhərlərinin formalaşmasından gedir. Bu isə Azərbaycan üçün iqtisadi şaxələndirmənin daha praktik və uzunmüddətli modelidir.
Proqramın mühüm istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzurun mineral-xammal potensialının iqtisadi dövriyyəyə qaytarılmasıdır. Uzun illər bu ərazilərin təbii sərvətlərindən Azərbaycanın iqtisadi maraqları çərçivəsində istifadə etmək mümkün olmayıb. İndi isə bərpa və quruculuq prosesi ilə yanaşı həmin ərazilərin iqtisadi potensialının ölkənin ümumi inkişaf modelinə inteqrasiyası üçün yeni imkanlar yaranır. Burada vacib məsələ yalnız məlum yataqların istismarı deyil. Müasir geoloji kəşfiyyat texnologiyalarının tətbiqi, mövcud ehtiyatların yenidən qiymətləndirilməsi, geoloji məlumatların rəqəmsallaşdırılması və yeni yataqların müəyyənləşdirilməsi növbəti mərhələnin əsas elementlərindəndir. Dövlət Proqramında geoloji kəşfiyyat aparılan ərazilərin ümumi əhatəsinin 15 min kvadratkilometrə çatdırılması nəzərdə tutulur. Bu uğurlu yanaşma Qarabağ və Şərqi Zəngəzura yalnız bərpa olunan ərazi kimi deyil, Azərbaycanın gələcək istehsal və sənaye coğrafiyasının mühüm hissəsi kimi baxmağa imkan verir. Eyni zamansa ölkənin siyasi həyatında mühim rol almağına şərait yaradır. Kəlbəcərdən-Ağdərəyə, Zəngilandan - Daşkəsənədək yeni sənaye xətti yaranır. Azərbaycanın mineral ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunması ayrı-ayrı yataqların istismarı ilə məhdudlaşmır. “Dəmirli” yatağında təxminən 470 min ton əlavə mis ehtiyatının istifadə potensialının qiymətləndirilməsi, “Filizçay” polimetal yatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi imkanlarının araşdırılması, “Zəylik” alunit yataqlarının alüminium sənayesinin xammal bazasına çevrilməsi perspektivi və illik təxminən 200 min ton istehsal gücünə malik yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanının araşdırılması göstərir ki, planlaşdırılan model kifayət qədər əhatəlidir.
Beləliklə, xəritədə ayrı-ayrı mədənlər deyil, bir-biri ilə əlaqələndirilə bilən bütöv sənaye mərkəzləri meydana çıxır. Bu, Azərbaycanın iqtisadi coğrafiyasının dəyişməsi, siyasi təsir imkanlarının böyüməsi deməkdir.
Layihlərə cəlb edilmiş 5,3 milyard manatin daha çox öz ölkəmizin imkanlıarı hesabına yatırılması və onun yaratmali olduğu əsas nəticə övladlarımızın gələciyinin təminatıdır.
İnvestisiyanın həcmi böyükdür. Lakin iqtisadi siyasətin real nəticəsi yalnız yatırılan vəsaitlə ölçülməməlidir. Əsas məsələ həmin kapitalın nə qədər əlavə dəyər, yeni müəssisə, ixrac gəliri, texnologiya, iş yeri və yeni yaşayış məskənləri yaradacağıdır.
Mövcud hədəflərə görə, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin təxminən 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata yüksəldilməsi nəzərdə tutulur. Vacib məqam budur ki, mədən sənayesinin inkişafı öz ətrafında başqa iqtisadi sahələrə də tələbat yaradır. Nəqliyyat, energetika, tikinti, mühəndislik, logistika, geologiya, laboratoriya xidmətləri, maşın və avadanlıq təchizatı, rəqəmsal texnologiyalar və müxtəlif xidmət sektorları yeni layihələrdən dolayı iqtisadi impuls ala bilər. Başqa sözlə, bir mədən yalnız istismar edilən sadə bir mədən deyil, düzgün qurulmuş iqtisadi modeldə onun ətrafında yaranan bütöv biznes və istehsal ekosistemidir.
Proqramın ən diqqətçəkən cəhətlərindən biri investisiyanın böyük hissəsinin birbaşa dövlət büdcəsinin üzərinə qoyulmamasıdır. Ümumi 5,3 milyard manatlıq investisiya ehtiyacının təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən təmin edilməsinin nəzərdə tutulması, dövlət müəssisələri ilə yanaşı özəl kapitalın və investorların prosesdə iştirakının genişləndirilməsi istiqamətində yanaşmanı göstərir. “AzerGold”un proqram çərçivəsində həyata keçirəcəyi dörd əsas strateji layihə üzrə investisiyaların təxminən 3,63 milyard manat həcmində qiymətləndirilməsi də prosesin miqyasını göstərən göstəricilərdən biridir. Bu mərhələdə investor üçün yalnız yatağın mövcudluğu kifayət etmir. Hüquqi təminatlar, şəffaf geoloji məlumat bazası, infrastruktur, enerji təminatı, logistika imkanları və uzunmüddətli iqtisadi sabitlik də kapitalın qərarına təsir göstərən əsas amillərdir. Buna görə geoloji məlumatların rəqəmsallaşdırılması və sistemləşdirilməsi də sırf texniki məsələ deyil. Bu, mineral resursların investisiya aktivinə çevrilməsi üçün vacib infrastruktur elementidir.
Azad edilmiş ərazilərdə yolların, yaşayış məntəqələrinin, elektrik şəbəkələrinin, hava limanlarının və digər infrastrukturun qurulması Böyük Qayıdışın ilkin bazasını yaradır. Lakin insanların həmin ərazilərdə uzunmüddətli yaşaması üçün yalnız ev və yol kifayət deyil. Daimi iqtisadi fəaliyyət və iş yerlərinin olması zərüridir. Məhz burada dağ-mədən və metallurgiya layihələrinin regional əhəmiyyəti ortaya çıxır. Belə ki, məcburi köçkünlərin böyük hissəsi uzun illərdir şəhər mühitində yaşamış kənd təsərrüfatı müəssisələrində və istehsalında, əkində, maldarlıqda, heyvandarlıqda və sair sahələrdə işləmə vərdişlərini itirmişdilər. Belə incə məqamlar yeni istehsal müəssisələrinin yaradılması məşğulluğu artırmaqla yanaşı, xidmət sektorunun, kiçik və orta sahibkarlığın və yerli təchizat zəncirlərinin formalaşmasını sürətləndirə bilər, eyni zamanda şəhər tipli iş yerlərinin, iş vərdişlərinin saxlanılması ilə yaşayı təmin edə bilər.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun bərpasının növbəti mərhələsi fiziki infrastrukturu iqtisadi infrastrukturla, iqtisadi infrastrukturu isə siyasi infrastrukturla tamamlamaqdan ibarət olacaq.
Göstərilənlərlə yanaşı, qarşıdakı dövrün xüsusi nəzarət tələb edən mühim məsələləri də var.
Dağ-mədən sənayesi yüksək kapital tələb edən və ekoloji təsirləri ciddi idarə olunmalı olan sahədir. Buna görə iqtisadi səmərəliliklə yanaşı insanların yaşamasını təmin edən, dünyanın ən dəyərli məhsuluna çevrilən su ehtiyatlarının qorunması, torpaq və meşə fonduna təsirin minimuma endirilməsi, tullantıların idarə olunması və mədənlərin gələcək rekultivasiyası da layihələrin ayrılmaz hissəsidır. Bu istiqamətdə yeni ekoloji müəssisələr, ictimai nəzarət və dövlət nəzarəti formalaşmalıdır.
Eyni zamanda Azərbaycan yalnız xammal ixrac edən tərəf kimi qalmamaq üçün emal və metallurgiya güclərinin inkişafına xüsusi diqqət yetirməlidir. Çünki uzunmüddətli iqtisadi üstünlük yerin altından çıxarılan filizin həcmində deyil, ondan ölkə daxilində nə qədər əlavə dəyər yaradılmasındadır. Təbii sərvətdən sənaye gücünə doğru irəliləyərkən hər kəs əlindən gələni etməli, güc birləşdirilməlidir. Yalnız xalq-dövlət birliyi ilə uğurlu gələcəyə addımlayacağıq.
Bu səbəblə 2027–2030-cu illər üçün Dövlət Proqramına yalnız növbəti dörd ilin iqtisadi sənədi kimi baxmaq düzgün olmazdı. Proqram daha uzunmüddətli sənaye inkişafının əsaslarını formalaşdırmaq potensialına malikdir.
Əgər nəzərdə tutulan geoloji kəşfiyyat, investisiya, hasilat və emal, sənayeləşmə layihələri ardıcıl şəkildə həyata keçirilərsə, Azərbaycan qarşıdakı illərdə mineral sərvətlərini daha geniş sənaye və ixrac potensialına çevirmək imkanı əldə edə bilər. Bu prosesin ən mühüm tərəflərindən biri isə Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi həyatına yeni istehsal mərkəzləri kimi qoşulmasıdır.
Burada söhbət təkcə iqtisadi göstəricilərdən getmir. Yeni istehsal müəssisələri regionlarda məşğulluq, məskunlaşma, sahibkarlıq və sosial-iqtisadi fəallıq üçün yeni imkanlardır. Bununla da təbii sərvətlər regionların uzunmüddətli inkişafının iqtisadi dayaqlarındandır.
Beləliklə, Azərbaycanın qarşısında duran əsas məsələ artıq yalnız “yerin altında nə qədər sərvətimiz var?” sualına cavab tapmaq deyil, “Azərbaycan həmin sərvətdən nə qədər istehsal, texnologiya, ixrac, məşğulluq və əlavə dəyər yarada biləcək?” sualıdır.
Məhz bu sualın cavabını isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qəbul etdiyi 2027–2030-cu illər Dövlət Proqramının real iqtisadi nəticəsi və Azərbaycanın gələcək sənaye xəritəsində tutacağı mövqeyi müəyyənləşdirəcək.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: