azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda daha bir aqropark yaradılıb

10-08-2026

“Atena Aqropark”ı qeydiyyata alınıb, aqroparkın rezidenti “Atena Aqro Kompleks” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim olunub.

Azturkxeber.az-a verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub. Yeni yaradılan “Atena Aqropark” Qubadlı rayonunda yerləşir.

Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov son dövrlərdə aqroparklarla bağlı görülən işlər barədə məlumat verib. Qeyd edib ki, aqroparkların inkişafını dəstəkləmək məqsədilə investisiyaların təşviqi, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və subsidiyaların tətbiqində dəyişikliklərin edilməsi nəzərdə tutulur.

“Atena Aqropark” haqqında məlumat verən ATM direktorunun müavini bildirib ki, bu özəl aqropark tərəfindən torpaq sahələrinin mərhələli şəkildə əkin dövriyyəsinə cəlb edilməsi, müasir pivot suvarma sistemlərinin qurulması, qabaqcıl aqrotexniki üsulların və yüksək məhsuldarlığa malik toxum sortlarının tətbiqi planlaşdırılır.

“Atena Aqro Kompleks” MMC-nin direktoru Emin Qasımov aqroparkın yaradılmasında göstərilən dövlət dəstəyinə və yaradılan şəraitə görə minnətdarlığını bildirib. O qeyd edib ki, kənd təsərrüfatı kompleksinin ümumi ərazisi 1860 hektar, layihə dəyəri isə 10,9 milyon manat təşkil edir. Aqropark işğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə etməklə, müasir texnologiyalara əsaslanan, məhsuldar və dayanıqlı aqrar istehsal kompleksini formalaşdırır. Aqroparkın əsas istehsal istiqamətləri ərzaqlıq buğda, arpa, qarğıdalı (dənlik və silosluq), yonca və digər strateji-iqtisadi baxımdan səmərəli kənd təsərrüfatı bitkilərinin becərilməsini nəzərdə tutur. Su ehtiyatlarından səmərəli istifadə etmək, əkin sahələrinin optimal su təminatını və məhsuldarlığın yüksəldilməsini təmin etmək məqsədilə aqroparkda pivot suvarma sistemlərinin tətbiqi hədəflənir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqroparklarla iş sektorunun müdiri Nurlan Verdiyev “Atena Aqropark”ın Qarabağın iqtisadi dirçəlişinə, kənd təsərrüfatının müasir əsaslarla inkişafına və ölkənin ərzaq təhlükəsizliyinə töhfə verən özəl sektor təşəbbüsü kimi qiymətləndirildiyini bildirib.

Sonra ATM-in direktor müavini Namiq Şalbuzov rezidentin qeydiyyat şəhadətnaməsini “Atena Aqro Kompleks” MMC-nin direktoru Emin Qasımova təqdim edib.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.

Bu günədək ölkə üzrə aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yeri yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31