azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisdə görüş

07-08-2026


Avqustun 7-də Milli Məclisdə Parlamentlərarası Spikerlər Konfransının ölkəmizdə səfərdə olan Baş katibi Ek Nat Dakal və təşkilatın Beynəlxalq əməkdaşlıq üzrə direktoru Hajime Saito ilə görüş keçirilib.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Fariz İsmayılzadə qonaqları salamlayaraq, onlara Azərbaycan parlamentinin beynəlxalq fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, Milli Məclis bir sıra beynəlxalq parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir, onların bir neçəsinə sədrliyi həyata keçirir. Milli Məclisin deputatı parlamentin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində, Parlamentlərarası İttifaqda, həmçinin regional parlament təşkilatlarında aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Milli Məclisin parlament diplomatiyasının inkişafı sahəsində gördüyü işlər, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolu, ölkəmizin COVİD-19 pandemiyası zamanı beynəlxalq təşəbbüsləri və bir sıra ölkələrə yardımları barədə fikirlərini paylaşıb.

Azərbaycan və onun paytaxtı haqqında xoş təəssüratlarını bölüşən Parlamentlərarası Spikerlər Konfransının Baş katibi Ek Nat Dakal bu qurumun fəaliyyəti və gördüyü işlər barədə danışıb. O, Pakistanda keçirilmiş 1-ci Parlamentlərarası Spikerlər Konfransında müzakirə edilmiş məsələlərin əhəmiyyəti, Kambocada keçiriləcək 2-ci Konfrans, parlament diplomatiyasının dövlətlərarası münasibətlərdə rolu, Azərbaycan parlamenti ilə əlaqələrin gələcək inkişafı və digər məsələlər barədə fikirlərini bölüşüb.

Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycanın parlamentarizm tarixi, hazırki Milli Məclisin strukturu, fəaliyyəti, beynəlxalq münasibətləri barədə fikirlərini çatdırıb.

Görüşdən sonra qonaqlar Milli Məclisin inzibati binası ilə də tanış olublar. Fərid Hacıyev onlara Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin foyesində yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi, parlamentin plenar iclas zalında yaradılmış iş şəraiti, qanunvericilik prosesinin həyata keçirilməsi prosedurları haqqında geniş məlumat verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31