Milyonların sevimlisi Tomas Anders yenidən Bakıda

Əfsanəvi "Modern Talking" qrupunun solisti olmuş dünya şöhrətli Tomas Anders (Thomas Anders) oktyabrın 4-də Heydər Əliyev Sarayında möhtəşəm solo konsert proqramı ilə çıxış edəcək.
AZƏRPRESS Media Group xəbər verir ki, gecədə unudulmaz "Modern Talking" hitləri və nostalji dolu mahnılar canlı səslənəcək.
Alman və italyan əsilli pop ifaçı, bəstəkar Tomas Anders ötən əsrin 80-90-cı illərində “Modern Talking” qrupunun solisti kimi məşhurluq qazanıb və artıq 40 ildən çoxdur ki, şöhrətin zirvəsindədir. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxıb. Sonra isə T.Anders bəstəkar və prodüser Diter Bolen ilə tanış olur. 1983-84-cü illərdə musiqiçilər ən uğurlusu "Wovon traumst du denn" olmaqla alman dilində 5 sinql buraxırlar. Duetə məşhurluq gətirən ilk mahnı isə 1984-cü ildə buraxılan "You`re my heart, you`re my soul" superhiti olur. Sinql əvvəlcə alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı "Modern Talking" olur. 3 il ərzində onların 6 albomu işıq üzü görür və 42 milyon tirajla satılır. Sonradan qrup üzvləri arasında mübahisə yaranır və onlar 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Müəyyən vaxtdan sonra 1998-ci ildə "Modern Talking" qrupu yenidən bərpa edilir. 5 illik növbəti birgə fəaliyyətdən sonra qrup yenidən fəaliyyətini dayandırır. 2003-cü ildən sonra Tomas Anders öz solo karyerasına başlayır və böyük şöhrət qazanır. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb.
Qeyd edək ki, saat 20:00-dan 21:30-dək davam edəcək konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: