Milyonların sevimlisi “OneRepublic” qrupu ilk dəfə Bakıda
Aprelin 28-də ilk dəfə olaraq "Baku Crystal Hall”un səhnəsində dünyaca məşhur pop-rok qrupu “OneRepublic” möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
"Baku Crystal Hall"-dan AZƏRPRESS Media Group-a verilən məlumata görə, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən pop-rok musiqi qrupu öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
"Grammy” musiqi mükafatına namizəd olan "OneRepublic" qrupunun tərkibi müğənni, söz yazarı və baş vokalçı Ryan Tedder, gitaraçılar Zach Filkins, Drew Brown, klavişçi Brian Willett, bas və violonçel ifaçısı Brent Kutzle, eləcə də drummer Eddie Fisher-dən ibarətdir. Qrup 2007-ci ildə "Dreaming out loud" adlı debüt albomunu buraxıb. ABŞ-da bütün rekordları qıraraq, "Grammy" musiqi mükafatına namizəd olan "Apologize" sinqlı da bu alboma daxildir. Məşhur pop-rok qrupunun 2009-cu ildə işıq üzü görən növbəti ikinci "Waking up" adlı albomuna "All the right moves", "Secrets" və "Good life" hit sinqlları daxil edilib. Qrupun 2013-cü ildə işıq üzü görən "Native" platin albomu isə "Counting stars" adlı hit sinqlı ilə dinləyici rəğbəti qazanıb. Üç ildən sonra digər növbəti albom olan "Oh my my" buraxılıb. 2021-ci ildə qrup tərəfindən "Someday", "Run", "Somebody to love", "Wanted", "Didn't I", "Better days" və "Rescue me" adlı sinqlları özündə birləşdirən "Human" adlı albom pərəstişkarlara təqdim edilib.
"OneRepublic" qrupu İtaliyanın elektron musiqi qrupu olan "Meduza" və almaniyalı müğənni Leoni ilə birgə UEFA Euro 2024-ün "Fire" adlı rəsmi mahnısını yaradıb. Qrup həmçinin ən son olaraq "Hurt" adlı yeni sinqlını buraxıb.
Qeyd edək ki, saat 20:00-dan 23:00-dək davam edəcək konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: