RSXM-də 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib



İyunun 11-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Azturkxeber.az xəbər verir ki, əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən AMEA nəzdində nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Ulu Öndər Heydər Əliyevin həyatı və müasir Azərbaycan tarixindəki fəaliyyətindən danışıb.
Ulu Öndər Heydər Əliyevin bütün həyatını Azərbaycanın inkişafına həsr etdiyini bildirən professor Qurban Yetirmişli Ulu Öndərin keçmiş sovetlər dönəmindəki siyasi fəaliyyətinə toxunarkən bildirib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə başlamasından qısa müddət sonra respublikamız keçmiş sovet respublikaları arasında öz inkişaf dinamikasına görə ön sıralarda idi. Heydər Əliyevin SSRİ rəhbərliyində ən yüksək vəzifədə çalışan azərbaycanlı olduğunu qeyd edən professor Qurban Yetirmişli onu da əlavə edib ki, Ulu Öndər dahi şəxsiyyət olmaqla yanaşı, uzaqgörən və müdrik siyasətçi idi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələrə toxunarkən professor Qurban Yetirmişli bildirib ki, həmin dövrdə ölkədə baş verən siyasi xaos, müəyyən qruplar arasında baş verən siyasi çəkişmələr və hakimiyyət uğrunda savaş Azərbaycanın bir dövlət kimi müstəqilliyini sual altında qoymuşdu.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanın dövlət müstəqilliyini qorumaqla yanaşı, həm də dövlət kimi yenidən qurulması və inkişaf etdirilməsi demək idi.
“Azərbaycan xalqı həmin çətin günlərdə ancaq Heydər Əliyevə inanırdı. Çünki hər kəs bilirdi ki, yenicə müstəqillik əldə etmiş Azərbaycanı dövlət kimi məhv olmaqdan ancaq Ulu Öndər kimi şəxsiyyət xilas edə bilər. Ulu Öndər yenidən siyasi hakimiyyətə qayıtdı və Azərbaycanı bir çox bəlalardan xilas elədi. Azərbaycanın karbohidrat ehtiyatlarının dünya bazarına çıxarılması üçün 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Baxmayaraq ki, o zamanlar bir çox xarici dövlətlər bununla bağlı Azərbaycana təzyiq etməyə çalışırdılar. Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın iqtisadi inkişaf mərhələsi başladı. Ulu Öndərin müdrik siyasətinin nəticəsidir ki, biz bu gün müasir və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq”.
Ulu Öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirildiyini qeyd edən RSXM rəhbəri bildirib ki, bu gün Azərbaycanın nəinki regionda, dünya ölkələri arasında öz yeri və nüfuzu var. “Çünki Ulu Öndərdən sonra onun siyasəti Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Ali Baş Komandanımızın və ordumuzun, əsgərlərimizin və zabitlərimizin, şəhidlərimizin və qazilərimizin sayəsində Qarabağımız öz azadlığına qovuşub. Azad edilmiş torpaqlarımızda yenidən həyat canlanır. Bu gün Azərbaycan regionun lider dövlətidir. Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bütün ölkələr Azərbaycanla əməkdaşlıq etməyə çalışır. Azərbaycan prezidenti İlham Əliyev dünyada siyasi lider kimi böyük nüfuza sahibdir. Bütün bu inkişaf və bu günkü müstəqil, suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycan Ulu Öndərimizin siyasi yolunun uğurla davam etdirildiyini bir daha göstərir”.
Professor Qurban Yetirmişli Ulu Öndər Heydər Əliyevin xatirəsinin hər zaman Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad edildiyini qeyd edib.
Daha sonra RSXM-nin Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən 15 İyun-Milli Qurtuluş gününə həsr olunmuş video carx nümayiş etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: