RSXM-də ali məktəblərin tələbələrinin iştirakı ilə “27 Mart -Elm Günü”nə həsr olunmuş seminar keçirilib




Aprelin 2-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) “27 Mart-Elm Günü”nə həsr olunmuş “Elm gənclərin gözü ilə” mövzusunda seminar keçirilib.
Azturkxeber.az xəbər verir ki, seminarda RSXM-nin rəhbərliyi, RSXM-nin Elmi Texniki Şurasının üzvləri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti və tələbələri, eləcə də mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Seminarın açılış mərasimində çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə 27 mart tarixi respublikamızda elmi fəaliyyətlə məşğul olan şəxslərin peşə bayramı – “Elm Günü” kimi təsis edilmişdir. Sərəncama uyğun olaraq, hər il Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən “Elm Günü”nə həsr olunmuş müxtəlif formatlı tədbirlər keçirilir. Professor Qurban Yetirmişli bildirib ki, RSXM tərəfindən keçirilən “Elm Günü”nə həsr olunmuş tədbirlərdə hər il ali məktəblərin professor - müəllim heyəti və tələbələri iştirak edirlər. Burada əsas məqsəd ali təhsil müəssisələri və elmi təşkilatlar arasında qarşılıqlı əməkdaşlığı və inteqrasiyanı gücləndirmək, eləcə də gənclərdə elmə olan marağı artırmaqdır.
Professor Qurban Yetirmişli iştirakçılara RSXM-də aparılan kompleks geofiziki-seysmoloji-geokimyəvi tədqiqatlar, alınmış məlumatların emalı və əldə olunmuş elmi nəticələr, xarici ölkələrin seysmoloji mərkəzləri və dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq, Böyük Britaniyanın Oksford Universiteti ilə RSXM arasında Azərbaycanda aparılan paleoseysmoloji tədqiqatlar haqqında məlumat verib.
Daha sonra RSXM-nin “Geodinamika” şöbəsinin müdiri, geologiya- mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov “Azərbaycanın müasir geodinamikası”, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi Afaq Səmədzadə “Cənubi Xəzər hövzəsində yerləşən Bulla dəniz yatağı timsalında istismar quyularında neft hasilatı prosesinə zəlzələlərin potensial geodinamik təsirinin tədqiqi”, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi İlhamə Cəlilova “Abşeron yarımadasında mühəndisi-geoloji şəraitin seysmikliyə təsiri (Xətai, Nizami və Nərimanov rayonları timsalında)”, "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin kiçik elmi işçisi Simarə Məmmədzadə “Yeraltı suların geokimyəvi xüsusiyyətlərinin seysmikliklə əlaqəsinin öyrənilməsi”, "Zəlzələlərin tədqiqatı" bürosunun kiçik elmi işçisi Günay Bəkdəmirova “Azərbaycan və ətraf bölgələrin seysmikliyinin xüsusiyyətləri” , "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin elmi işçisi Arzu Məmmədova “Zəlzələ ocaqlarının tədqiqi”, "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin elmi işçisi Gülnar Hüseynzadə “Paleoseysmoloji tədqiqatlar”, "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin elmi işçisi Turan Yusifova “Palçıq vulkanlarının monitorinqi” mövzusunda təqdimat ilə çıxış ediblər. Məruzəçilər seminar iştirakçılarını maraqlandıran sualları ətraflı şəkildə cavablandırıblar.
Seminarda çıxış edən BDU-nun Geologiya fakültəsinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müdiri, dosent Əvəz Məmmədov tədbirin əhəmiyyəti haqqında danışaraq bildirib ki, “Elm Günü” münasibəti ilə RSXM-nin təşkil etdiyi tədbir həm elmi baxımdan, həm də elmi təşkilatlarla ali təhsil müəssisələri arasında əməkdaşlığın güclənməsi, Yer elmləri sahəsi üzrə alan tələbələrin əlavə biliklər və məlumatlar əldə etməsi baxımından böyük əhəmiyyət daşıyır. O, həmçinin çıxışında BDU-nun Geologiya fakültəsi ilə RSXM arasında yaxşı əməkdaşlığın olduğunu qeyd edərək tələbələrin həm istehsalat sahəsindəki işləri öyrənmək, həm də elmi sahədə öz bilik və bacarıqlarını artırması üçün yaxşı imkanların olduğunu deyərək RSXM-də keçirilən tədbiri yüksək qiymətləndirib.
RSXM-də hər zaman gənc kadrların potensialının artırılması məsələsinin prioritet olduğunu bildirən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli də gənclərə elm sahəsində aktiv olmağı tövsiyə edib. Onun sözlərinə görə, elmin inkişafı bütövlükdə ölkənin, cəmiyyətin inkişafı deməkdir. Ona görə də gələcəyimiz olan gənclərimiz bu sahədə həm müasir informasiya texnologiyalarının öyrənilməsi və elmə tətbiqi, həm də yeni elmi istiqamətlərin araşdırılmasında fəal olmalıdırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: