RSXM-də AMEA-nın Yer Elmləri bölməsinin iclası keçirilib



Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsinin və RSXM -nin birgə iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti, Yer Elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, BDU-nun “Faydalı qazıntılar” kafedrasının müdiri, akademik Vasif Babazadə, Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, AMEA-nın Yer Elmləri bölməsinə daxil olan elmi müəssisə və təşkilatların rəhbərləri və üzvləri, “AzerGold” QSC-nin sədrinin müşaviri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev, BDU-nun “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Əvəz Məmmədov RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, eləcə də müvafiq şöbələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
AMEA-nın Yer Elmləri bölməsinin rəhbəri, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə keçirilən iclasda əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 aprel 2025-ci il tarixli Sərəncamına əsasən təsis edilən “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)“ Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müvafiq əmri ilə təltif edilən AMEA nəzdində RSXM-nin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızına təqdim edilib.
Daha sonra AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli AMEA nəzdində RSXM-nin 2025- ci il üzrə elmi və elmi-təşkilati fəlaiyyətinə dair hesabatını təqdim edib. RSXM-nin baş direktoru Mərkəzdə 2025-ci il ərzində aparılmış kompleks seysmoloji-geofiziki-geodinamik və geokimyəvi tədqiqatlar, əldə olunmuş nəticələr, yerli və xarici təşkilatlarla əlaqələr və universitetlərlə aparılan birgə əməkdaşlıq məsələləri, seysmologiya sahəsində aparılan elmi tədqiqat işlərinə dair beynəlxalq indeksli jurnallarda mərkəz əməkdaşlarının dərc olunmuş məqalələri, elmmetrik bazalardakı vəziyyət, kadr potensialının gücləndirilməsi sahəsində görülən işlərə dair geniş təqdimatla çıxış edib.
O, öz çıxışında Azərbaycan ərazisində il ərzində müşahidə olunan seysmiklik, qeydə alınan zəlzələlər və seysmik stansiyalar vasitəsi ilə palçıq vulkanlarının öyrənilməsi haqqında da danışıb.
Professor Qurban Yetirmişli bildirib ki, 2025-ci ildə rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb. 2025-ci ilin dekabr ayının 25-ə qədər Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkanlar qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb. Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayışlar qeydə alınıb.
Baş direktor çıxışında həmçinin zəlzələlərin mexanizminin öyrənilməsi haqqında da danışıb. Həmçinin qeyd edilib ki, Abşeron yarımadası və ona bitişik ərazilərdəki palçıq vulkanları ətrafına quraşdırılmış seysmik stansiyalar vasitəsi ilə vulkanların dinamikası öyrənilir. Bundan başqa il ərzində respublika ərzisindəki poliqonlarda maqnometrik və qravimetrik tədqiqatlar aparılır ki, bu tədqiqatlar nəticəsində Yerdə maqnit variasiyalarının dəyişməsi və bunun ərazinin seysmikliyinə təsirləri araşdırılır. Professor Qurban Yetirmişli çıxışında mərkəzdə aparılan geodinamik və geokimyəvi tədqiqatlar haqqında da ətraflı məlumat verib.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.
BDU-nun “Faydalı qazıntılar” kafedrasının müdiri, akademik Vasif Babazadə çıxış edərək bildirib ki, Bakı Dövlət Universiteti ilə RSXM arasında sıx əməkdaşlıq mövcuddur. Elmi təşkilatlarla təhsil müəssisələri arasında inteqrasiyanın vacib olduğunu bildirən akademik Vasif Babazadə RSXM-nin bu sahədə çox aktiv təşkilat olduğunu bildirib. Akademik Vasif Babazadə həmçinin mərkəzdə il ərzində aparılan tədqiqat işlərini və təqdim olunmuş hesabatı yüksək qiymətləndirib.
Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə isə öz çıxışında RSXM-də aparılan kompleks tədqiqatlar nəticəsində çox faydalı məlumatların əldə olunduğunu bildirərək, görülən işləri yüksək qiymətləndirərək təqdim edilmiş hesabatın olduqca əhatəli və dolğun olduğunu bildirib.
BDU-nun “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Əvəz Məmmədov BDU və RSXM arasında olan əməkdaşlıq məsələləri haqqında öz fikirlərini açıqlayıb.
İclasda “AzerGold” QSC-nin sədrinin müşaviri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Şahbəddin Musayev çıxış edərək təmsil etdiyi təşkilatla mərkəz arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu və RSXM-də aparılan komleks tədqiqatlar nəticəsində alınmış məlumatlardan istehsalat sahəsində də istifadə edildiyini bildirib.
Sonda hesabat bölmə üzvləri tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: