azturkxeber.az
http://azturkxeber.az

Komitələrin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunub

08-05-2026

 
 
Mayın 8-də Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılıb.
 
 
Bu barədə Azturkxeber.az-a
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc iclası açaraq, bu müzakirələrin müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə təsadüf etdiyini bildirib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Qələbənin, uğurla həyata keçirilən Böyük Qayıdışın ölkənin coğrafi, siyasi və mənəvi gücünü bərpa etdiyini vurğulayıb. Dövlətimiz tərəfindən vətəndaşların hüquq və təhlükəsizliyinin təminatı sahəsində genişmiqyaslı fəaliyyətin davam etdirildiyini söyləyib.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı fikirlərini açıqlayan komitə sədri Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirilib ki, təqdim olunan məlumata əsasən, bu sahədə aparılan fəaliyyət kompleks, çoxsəviyyəli və koordinasiyalı olub. İlk növbədə, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Hesabat ilində qanunvericilik bazası daha da təkmilləşdirilib, eyni zamanda, kompleks və strateji xarakter daşımaqla əhatəli məqsəd və hədəflərə malik “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb. 2026-2030-cu illəri əhatə edən Milli Fəaliyyət Planında insan alverinə qarşı mübarizənin prioritet istiqamətləri, önləyici tədbirlər, maarifləndirmə fəaliyyəti, qanunvericilikdə islahatların aparılması, risk qrupları ilə qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri öz əksini tapıb.
Nəzərə çatdırılıb ki, hesabata əsasən, son 20 il ərzində Azərbaycanda insan alveri cinayətlərinin dinamikasında ümumi azalma tendensiyası müşahidə olunur. O, bu istiqamətdə daxili işlər orqanlarının digər hakimiyyət institutları ilə birlikdə həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb. Komitə sədri insan alveri cinayətlərinin strukturu, insan alveri qurbanlarının demoqrafik göstəriciləri, insan alveri qurbanlarının coğrafiyası barədə illik məlumatda ehtiva olunan göstəricilərə dair fikirlərini açıqlayıb. Eyni zamanda, bu sahədə həyata keçirilən effektiv hüquq-mühafizə tədbirləri barədə söhbət açılaraq qeyd olunub ki, 2025-ci ildə insan alveri cinayətlərinin 97 faizinin üstü açılıb, 2 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Habelə, “152” qaynar xəttinə daxil olan müraciətlər vətəndaşların məlumatlılıq səviyyəsinin yüksəldiyini göstərir. Bununla yanaşı, qurbanlarla iş sahəsində görülən işlərdən bəhs edilib. Rəqəmsal mühitdə monitorinqin gücləndirilməsi, sosial şəbəkələr üzərində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq məlumat mübadiləsinin sürətləndirilməsi və süni intellekt alətlərin tətbiqinin zəruriliyindən də danışılıb.
Zahid Oruc Daxili İşlər Nazirliyinin Milli Məclislə səmərəli əməkdaşlığının qurulduğunu, insan alveri ilə bağlı deputat sorğularına və müraciətlərinə həssas münasibət göstərildiyini qeyd edib. O, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupu - GRETA tərəfindən Azərbaycanla bağlı monitorinqlərdə mühüm irəliləyişlərin əldə olunduğunu, xüsusilə qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə fəaliyyətləri və qurbanlara yardım mexanizmlərinin inkişafı sahəsində tədbirlərin müsbət qiymətləndirildiyini nəzərə çatdırıb.
Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək insan alverinə qarşı mübarizənin yalnız hüquq-mühafizə orqanlarının vəzifəsi deyil, eyni zamanda, iqtisadi və sosial problemlərin həlli ilə bağlı məsələ olduğunu deyib. O, insan alverinin qarşısının alınması üçün Daxili İşlər Nazirliyi, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator tərəfindən zəruri addımların atıldığını söyləyib. Bu sahədə müvafiq dövlət orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığın həyata keçirildiyini və 2025-ci ildə müsbət nəticələrin əldə edildiyini – statistikaya əsasən ötən il insan alveri qurbanlarının sayının azaldığını bildirib. Komitə sədri Azərbaycan hüquq-mühafizə orqanlarının bu qəbildən olan cinayətlərə qarşı barışmaz mövqe nümayiş etdirdiyini vurğulayıb.
İclasda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Rüfət Allazov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib.
Bildirilib ki, Milli Koordinatorun illik məlumatında insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş, qarşıda duran vəzifələr kimi istiqamətlər öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyəti tənzimləyən qanunvericilik bazası müasir dövrün tələbləri, beynəlxalq qurumların tövsiyələri nəzərə alınmaqla 2025-ci ildə də təkmilləşdirilib. Eyni zamanda, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış “İnsan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi 34 dövlət qurumu ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib.
Qeyd olunub ki, hesabat ili ərzində dövlət qurumlarının və tərəfdaş təşkilatların birgə fəaliyyəti nəticəsində maarifləndirmə və profilaktik işlər genişləndirilərək, müxtəlif hədəf qruplarını əhatə edib. Təhsil, səhiyyə, sosial müdafiə, hüquq-mühafizə və media sahələrində təşkil olunan çoxsaylı tədbirlər, təlimlər və informasiya kampaniyaları vasitəsilə minlərlə insan məlumatlandırılıb, mütəxəssislərin peşə bacarıqları artırılıb. Sosial xidmətlər genişləndirilib, həssas əhali qruplarına dəstək daha da gücləndirilib.
Belə ki, xarici dövlətlərə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən şəxslərin, ölkə ərazisindən tranzit istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması məqsədilə aidiyyəti dövlət orqanlarına 3400 maarifləndirici vəsait göndərilib. Orta ixtisas təhsili müəssisələrində maarifləndirici seminarlar təşkil edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial media üzərindən 14 videoçarx və 7 poster yayımlanıb, müxtəlif platformalarda keçirilən 61 maarifləndirici görüş vasitəsilə 2500-dən çox şəxs birbaşa məlumatlandırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar sosial şəbəkələrdə maarifləndirici post paylaşılıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 17, Gənclər və İdman Nazirliyi tərəfindən 16, Mədəniyyət Nazirliyi tərəfindən 45-dən çox maarifləndirici tədbir keçirilib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən kampaniya çərçivəsində 6 rayonda yerli icmalarla birbaşa təmasda olan maarifləndirici görüşlər təşkil edilib. Dövlət Turizm Agentliyi və Səhiyyə Nazirliyi tərəfindən bukletlər hazırlanaraq paylanılıb. Ölkənin aparıcı televiziya kanallarında yayımlanan 12 proqramda insan alverinə qarşı mübarizə mövzusu işıqlandırılıb, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə 56 media subyektində 184 material dərc edilib. Ombudsman Aparatı tərəfindən insan hüquqları, gender bərabərliyi, erkən nikah, məişət zorakılığı və insan alveri kimi mövzuları əhatə edən silsilə tədbirlər keçirilib. Elm və Təhsil Nazirliyi tərəfindən respublikanın regionlarını əhatə edən 67 ümumi təhsil müəssisəsində inklüziv siniflər təşkil edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailələrə verilmiş uşaqların ailədəki sosial-psixoloji vəziyyətinin yoxlanılması məqsədilə 516 monitorinq aparılıb, hər hansı neqativ hal aşkarlanmayıb. Şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların sənədləşdirilməsi istiqamətində tədbirlər davam etdirilib, 193 uşağın doğum faktı müəyyən edilərək onlara rəsmi sənədlər verilib və dövlət reyestrində qeydiyyatı təmin olunub.
Rüfət Allazov insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 198, o cümlədən 152 insan alveri, 1 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 45 cinayət faktının qeydə alındığını söyləyib. Bildirilib ki, məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində onların üzv olduqları 2 cinayətkar qrupun fəaliyyəti ifşa olunub, həmin qrup üzvlərinin məsuliyyətə cəlb olunması üçün sübutların toplanması tədbirləri davam etdirilir. Hesabat ilində həmin hüquqazidd əməllərlə əlaqədar 10 cinayət işi başlanılıb, 8 cinayət işi üzrə 10 şəxs təqsirləndirilən qismində cəlb olunub, 12 şəxs məhkəmə məsuliyyətinə verilib. Məhkəmələr tərəfindən 12 hökmlə 14 insan alverçisi azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bununla yanaşı, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 57 fakt aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1 və 243-cü maddələri ilə 6 cinayət işi başlanılıb.
Qeyd olunub ki, ötən il zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası istiqamətində də zəruri tədbirlər həyata keçirilib. İnsan alveri qurbanlarının Daxili İşlər Nazirliyinin sığınacağına yеrləşdirilərək onların tibbi, sosial, psixoloji, hüquqi yardımlarla təmin edildiyi, habelə onların pеşə kurslаrınа yönəldilməsi, şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, tibb müəssisələrində müalicə alması, ünvanlı sosial yardım alması, аilələrinə qаyıtması sahəsində köməklik göstərildiyi, Qeyri-Hökumət Təşkilatlarına istiqamətləndirilmiş insan alveri qurbanlarının lazımi sosial xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb.
Məsələ ətrafında müzakirələrdə komitə sədrlərinin müavinləri Arzuxan Əli-zadə, Elşən Musayev, hər iki komitənin üzvləri Mübariz Qurbanlı, Azər Allahverənov, Razi Nurullayev, Elman Nəsirov, Naqif Həmzəyev, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi Niyaməddin Orduxanlı, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova çıxış edərək öz fikirlərini bölüşüblər, qeyd və təkliflərini diqqətə çatdırıblar.
Fikir mübadiləsi zamanı insan alveri ilə mübarizə sahəsində aparılan əməliyyat-axtarış tədbirlərinin önəmindən söhbət açılıb, bu barədə hesabatda geniş məlumatların, statistik rəqəmlərin verildiyi qeyd olunub. Habelə, insan alveri qurbanlarının müdafiəsi və reabilitasiyası sahəsində atılan addımlar, həyata keçirilən profilaktik tədbirlər, o cümlədən maarifləndirmə ilə bağlı görülən işlər təqdirəlayiq hesab edilib. Qurbanların müəyyən edilməsi və dəstəklənməsində QHT-lər və ictimaiyyət nümayəndələrinin fəal iştirakının mühüm rol oynadığı vurğulanıb.
Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim olunan məlumatın ətraflı müzakirə edildiyini, səsləndirilən fikirlərin əhəmiyyətli olduğunu söyləyib. O, insan alverinin yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsinin vacibliyindən, bu sahədə qarşıda duran vəzifələrdən danışıb.
İclasın sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə Milli Məclisin deputatları Tural Gəncəliyev, Mircəlil Qasımlı, Bəhruz Məhərrəmov, Vüqar Rəhimzadə, Səyyad Aran, Nurlan Həsənov, Erkin Qədirli, aidiyyəti qurumların nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031