İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara aparılan bərpa quruculuq işləri, eyni zamanda, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.
Azturkxeber.az-ın məlumatına görə, Səfər çərçivəsində nümayəndə heyəti Ağdam Sənaye Parkında olublar. Burada elektrik paylayıcı avadanlıqlar və elektrik yuvalarının, eləcə də tütün məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə istehsal prosesi ilə tanış olublar. Sahibkarlarla görüşdə istehsal potensialının artırılması və ixracyönümlü inkişaf perspektivləri müzakirə edilib.
Dayanıqlı iqtisadi inkişaf və özəl sektorun gücləndirilməsi istiqamətində İİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində fəaliyyət göstərən və 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının artıq 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Sənaye parkının rezidentləri qeydiyyat tarixindən 10 il müddətinə, əmlak, torpaq və mənfəət vergilərindən azaddır, idxal olunan texnika və avadanlıqlara görə ƏDV və gömrük rüsumu ödənilmir. Həmçinin, sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur.
Qonaqlar işğaldan azad edilmiş ərazilərdə təhsil və sosial infrastruktur sahəsində görülən işlərlə tanışlıq çərçivəsində Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, 1 saylı körpələr evi-uşaq bağçası, həmçinin özbək xalqı adından hədiyyə olaraq inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olublar. Təhsil və sosial müəssisələrdə yaradılmış müasir infrastruktur, tətbiq olunan innovativ yanaşmalar və uşaqların hərtərəfli inkişafı üçün formalaşdırılmış imkanlar diqqətə çatdırılıb.
Şuşa şəhərinə səfər zamanı qonaqlar şəhərin tarixi-mədəni abidələri ilə tanış olublar. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlı məlumat verib.
Nümayəndə heyəti Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində olub, burada yaradılmış müasir tədris infrastrukturu və akademik mühitlə tanış olub. Qeyd edilib ki, universitet regionun sosial-iqtisadi inkişafına töhfə verəcək yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm potensiala malikdir.
Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, yaradılan müasir infrastruktur və formalaşdırılan əlverişli investisiya mühitinin regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Eyni zamanda, İslam İnkişaf Bankı Qrupu ilə sənaye, təhsil, sosial infrastruktur və sahibkarlığın inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.