Azər Fərəcov: Abşeronda dəmiryol dayanacaqlarının sayı 40-a çatacaq

2030-cu ilə qədər Abşeronda dəmiryol dayanacaqlarının sayı 40-a çatdırılacaq.
Azturkxeber.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, Dövlət Proqramında həmçinin Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala və Zabrat–Maştağa–Bağlar xətlərinin bərpası, bu xətlər boyu mövcud stansiyaların yenidən qurulması və yeni dayanacaqların inşası nəzərdə tutulur: "Bundan başqa, Bakı−Xırdalan−Sumqayıt xətti üzrə Baş Keşlə, Güzdək və Binəqədi stansiyalarının istifadəyə verilməsi, Bakı–Pirşağı–Sumqayıt xətti üzrə isə Kürdəxanı, Fatmayı və Saray dəmiryol dayanacaqlarının inşası və N.Nərimanov stansiyasında da qatarlara dayanacaq verilməsi planlaşdırılır. Dəmiryol xətləri üzrə yol infrastrukturunun təhlili aparılıb, hazırda layihələndirmə işləri icra olunur".
A.Fərəcov əlavə edib ki, Abşeron dairəvi dəmir yolu marşrutu üzrə istifadədə olan xətlərdə Baş Keşlə və N.Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray, Güzdək və Binəqədi dayanacaqlarının yaradılması hesabına dayanacaqların sayı 22-yə çatacaq: "2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 40-a çatdırılması planlaşdırılır. Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığı artırılacaq".
O qeyd edib ki, həmçinin 2030-cu ilədək 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır: "Bütün bu tədbirlər Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulmasına, sərnişin mobilliyinin keyfiyyətinin artırılmasına, həm şəhər daxilində, həm də ətraf ərazilərdə sərnişindaşıma imkanlarının, nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığının artırılmasına səbəb olacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: