İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycan–İtaliya əlaqələrini gücləndirir

Prezident cənab İlham Əliyevin apardığı uğurlu, uzaqgörən xarici siyasətin nəticəsidir ki, bir çox Avropa dövlətləri Azərbaycanla sıx siyasi iqtisadi əlaqələr yaratmağa böyük maraq göstərirlər. Təsadüfi deyil ki, Azərbaycanla strateji tərəfdaş Avropa ölkələri dövlətimizin etibarlı tərəfdaş ölkə olduğunu vurğulayırlar. Bu baxımdan İtaliya Avropada Azərbaycanla sıx siyasi iqtisadi əlaqələri yüksək səviyyədə olduğu ölkədir. İtaliya Nazirlər Şurasının sədri Ciorciyə Meloninin ölkəmizə səfəri mövcud əlaqələrimizin yüksək səviyyədə olduğunu və münasibətlərin daha da dərinləşdiriləcəyinə əminlik yaradır.
Prezident cənab İlham Əliyev və Baş Nazir Meloni mətbuata bəyanatla çıxışları zamanı bir daha iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlığa uyğun inkişaf etməsindən və bu münasibətlərin daha da dərinləşdirilməsi üçün möhkəm zəmin olduğunu vurğuladılar. Ölkəmizin xarici siyasət kursunda Avropa İttifaqına üzv olan İtaliya ilə münasibətlər mühüm yer tutur. Təsadüfi deyil ki, 2014-cü ildə Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2020-ci ildə strateji tərəfdaşlığın gücləndirilməsinə dair sənəd imzalanmışdır. İki dövlət arasında münasibətlərin əsasını təşkil edən bu sənədlərdə qeyd olunan məsələlər reallıqda da öz əksini tapır. Azərbaycan Cənubi Qafqazda İtaliyanın bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 12 milyard dollar təşkil etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Bu gün Azərbaycan dünyanın 16 dövlətinə təbii qaz ixrac edir. 2025-ci ildə Azərbaycandan xarici dövlətlərə 25 milyard kub metr təbii qaz ixrac edilib ki, bunun təxminən10 milyard kub metrə yaxını İtaliyaya nəql edib.
Azərbaycanla İtaliya arasında siyasi əlaqələr də yüksək səviyyədədir. İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərində İtaliya şirkətləri yaxından iştirak edir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda 23 layihə həyata keçirib və bu işləri davam etdirirlər. Bu gün Azərbaycanda çox sayda İtaliya şirkətləri və birgə müəssisələr uğurla fəaliyyətlərini davam etdirirlər. Humanitar və təhsil sahəsində də ölkələrimiz arasında qarşılıqlı əlaqələr inkişaf etdirilir. Ötən il Bakıda İtaliya- Azərbaycan Universitetinin açılması təhsilimizin inkişafına öz töhfəsini verəcək.
İtaliya Baş Nazirinin bu dəfəki səfərində Azərbaycanla İtaliya arasında iqtisadi, enerji məsələləri ilə yanaşı müdafiə sənayesi və təhlükəsizlik sahəsində də əməkdaşlığın qurulması ön plana çəkildi. Bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, hər iki dövlətin maraqlarına uyğun olması barədə liderlərin maraqlı olduqları xüsusi vurğulandı. İtaliya- Azərbaycan əlaqələri bundan sonra da strateji tərəfdaşlıq səviyyəsinə uyğun olaraq daha da güclənəcək.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: