“Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir





Dövlət Sərhəd Xidmətinin Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Azturkxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə,
akademiyanın rəhbərliyi və dəvət olunmuş qonaqlar tədbirdən əvvəl Ulu Öndərin abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin xatirəsinə hörmət əlaməti olaraq abidə önünə güllər düzmüşlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Dahi Öndəri Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda Dövlət Sərhəd Xidməti Akademiyasının rəhbərliyi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov, tarix üzrə fəlsəfə doktoru, millət vəkili Sevinc Hüseynova, Akademiyanın professor-müəllim heyəti və kursantlar iştirak etmişlər.
Çıxış edənlər Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən geniş danışmışlar.
Bildirilmişdir ki, dahi şəxsiyyətin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan mürəkkəb ictimai-siyasi böhran dövründən çıxaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymuş, dövlət müstəqilliyimiz əbədi və dönməz xarakter almışdır. Ulu Öndər milli dövlətçilik ideologiyasının formalaşdırılması, hüquqi-demokratik dövlət quruculuğu, iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsi, ordu quruculuğu və milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm tarixi xidmətlər göstərmişdir. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə dövlət sərhədlərinin mühafizəsi sahəsində müasir idarəetmə mexanizmləri yaradılmış, sərhəd mühafizəsi sisteminin institusional əsasları formalaşdırılmışdır.
Çıxışlarda Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi Heydər Əliyev siyasi irsinin təntənəsi kimi qiymətləndirilmişdir.
Qeyd edilmişdir ki, Ümummilli Liderin zəngin siyasi irsi Azərbaycan xalqının milli inkişaf yolunun əsasını təşkil edir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.
Konfransın sonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir daha dərin hörmət və ehtiramla yad edilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: