DİN: Bayram sevincini qaydalara əməl etməklə yaşayaq!


Novruz və müqəddəs Ramazan bayramları xalqımızın milli-mənəvi dəyərlərinin, zəngin adət-ənənələrinin simvolu olaraq hər il ölkəmizdə dostluq və birlik-bərabərlik şəraitində qeyd olunur. Bu əlamətdar günlərin yüksək əhval-ruhiyyədə keçməsi və arzuolunmaz halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, bayram şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması, xidmətin daha mütəşəkkil təşkili məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Vətəndaşlara ictimai yerlərdə nizam-intizam qaydalarına riayət etmək, insanların sıx toplaşdığı məkanlarda diqqətli olmaq, hüquq pozuntularına səbəb ola biləcək davranışlardan çəkinmək, həmçinin yol hərəkəti və digər təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunur.
Bir daha xalqımızı səmimi-qəlbdən təbrik edir, hər evə, hər ocağa bayram ovqatı, bol sevinc, ruzi-bərəkət və firavanlıq arzulayırıq. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın. Bayramlarınız mübarək!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: