Fövqəladə Hallar Nazirliyi cəzaçəkmə müəssisəsində təlim keçirib
Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində birgə təlim keçirilib.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin müvafiq canlı qüvvəsi və texnikası cəlb edilib.
Təlimin keçirilməsində məqsəd Penitensiar xidmətin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.
Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.
Təlimin praktiki hissəsində müəssisə ərazisində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada hadisə yerinə çataraq, müəssisədə saxlanılan şəxslərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici materiallar təqdim olunub.