azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında

10-09-2025

Sentyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Səməd Seyidov komitə üzvlərinə bu sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb. O, iclasın gündəliyinə 9 məsələnin – yaz və növbədənkənar sessiyalarının hesabatının, payız sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.

Komitə sədri Səməd Seyidov, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl Milli Məclisin sentyabrın 9-da keçirilmiş növbədənkənar sessiyasının “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası barədə fikirlərini səsləndirib. O bildirib ki, Vaşinqton razılaşmaları ölkəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətlərdən biridir. Azərbaycan və ABŞ arasında imzalanmış bir sıra mühüm sənədlər dövlətlərarası əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edir. Xüsusən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasının simvolu oldu.

Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması bölgədə davamlı sülhün və əmin-amanlığın bərqərar olunması, beynəlxalq və regional əməkdaşlığın inkişafı istiqamətində geniş perspektivlər vəd edir.

Sonra komitə sədri gündəliyin birinci məsələsi – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində fəaliyyəti barədə hesabatı təqdim edib. Bildirilib ki, ötən sessiya dövründə komitənin 10 iclası keçirilib, ümumilikdə 18 məsələyə baxılıb və 15 qanun layihəsi müzakirə olunub. Ötən sessiya ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 2750 ərizə, məktub və şikayət daxil olub. Müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb, onlardan 1989-u aidiyyəti dövlət qurumlarına göndərilib.

Qeyd olunub ki, hesabat dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçiriblər, vətəndaş qəbulları təşkil edərək onların ərizə və şikayətlərinin həlli istiqamətində tədbirlər görüblər. Bununla yanaşı, yaz sessiyası dövründə komitədə dinləmələr keçirilib, habelə deputatların xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı və xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri baş tutub.

Gündəliyin ikinci məsələsi - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edən komitə sədri qeyd edib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimai dinləmələrin təşkili və digər məsələlər nəzərdə tutulub.

Gündəliyin üçüncü məsələsi olan “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin əhəmiyyəti barədə danışan komitə sədri qeyd edib ki, COP29 kimi mötəbər tədbirə ev sahibliyi etmiş ölkə olaraq Azərbaycan ekoloji məsələlərə xüsusi diqqət ayırır.

Gündəliyin növbəti məsələsini - “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təqdim edən komitə sədri Azərbaycan-Bəhreyn münasibətlərinin tarixi və perspektivləri barədə fikirlərini səsləndirib, qanun layihəsinin qəbulunun dövlətlərarası əlaqələrin inkişafına xidmət edəcəyini bildirib.

Daha sonra gündəlikdə duran növbəti məsələlər – “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında”, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında və “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikası qanunlarının layihələri barədə danışan komitə sədri Səməd Seyidov bildirib ki, sənədlərin qəbulu beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və eyni zamanda qeyd olunan sahələrdə mühüm məsələlərin həllini təmin edəcək.

Müzakirələr zamanı komitənin üzvləri Asim Mollazadə, Zaur Şükürov, Rizvan Nəbiyev, Elman Nəsirov, Pərvanə Vəliyeva, Sevinc Fətəliyeva, Gülşən Paşayeva, Fariz İsmayılzadə, Nigar Məmmədova, Elçin Mirzəbəyli çıxış ediblər. Deputatlar Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 7-8-də ABŞ-yə səfərinin nəticələrini yüksək dəyərləndiriblər və gündəlikdəki məsələlərlə bağlı qeydlərini, təkliflərini səsləndiriblər.

İclasda komitənin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Tədbirdə komitə sədrinin müavini Nigar Arpadarai, üzvləri Cavanşir Feyziyev, Tural Gəncəliyev, Ramil Həsən, Azər Kərimli, Qaya Məmmədov, Sevil Mikayılova, Rasim Musabəyov, Nəsib Məhəməliyev və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930