Bakı Gənclər Mərkəzində “Uşaq hüquqları” mövzusunda təlim keçirilib




Noyabrın 16-17-də Bakı Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Uşaq hüquqları” mövzusunda ikigünlük təlim proqramı təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, təlimdə Nazirliyin Regional Gənclər və İdman İdarələrinin, onların tabeliyində fəaliyyət göstərən rayon və şəhər gənclər və idman sektorlarının, eləcə də “Gənclər evi” sosial xidmət müəssisələrinin gənclərlə iş üzrə əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Sosial proqramlar sektorunun müdiri vəzifəsini icra edən Nərmin Cahangirova və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış edərək təlimin əhəmiyyətindən danışıblar.
“Uşaq Hüquqları Aylığı” çərçivəsində reallaşan təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin əməkdaşı Tural Hüseynzadə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Hüquq şöbəsinin əməkdaşı Nurlan Səfərov, həmçinin Vəkillər Kollegiyasının üzvü Aydan Rəhimli ekspert qismində iştirak ediblər.
İkigünlük proqram çərçivəsində “BMT-nin Uşaq Hüquqları Konvensiyası və Milli Qanunvericilik”, “Uşaqların rəqəmsal hüquqları və süni intellekt”, “Son illərdə Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Ailə Məcəlləsində uşaqlara dair edilmiş dəyişikliklər”, “Uşaqlara qarşı zorakılıq, məişət zorakılığı və erkən evliliyin fəsadları”, eləcə də “Gender həssaslığı və uşaq hüquqlarının müdafiəsi mexanizmləri” mövzularında təqdimatlar və müzakirələr aparılıb.
Təlimin əsas məqsədi gənclərlə işləyən əməkdaşların uşaq hüquqları sahəsində bilik və bacarıqlarının artırılması, qanunvericilikdəki yeniliklər barədə məlumatlandırılması və uşaqların hüquqlarının müdafiəsi istiqamətində institusional potensialın gücləndirilməsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: