azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb

18-11-2026



Noyabrın 18-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasda hökumət üzvləri və nümayəndələri iştirak ediblər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, tədbirdə ötən gün plenar iclasda təqdim olunan gündəliyin 8-ci məsələsi – Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ətrafında müzakirələr davam etdirilib.

Müzakirələrdə parlamentin komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, deputatlar Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Azər Badamov, Məşhur Məmmədov, Rəşad Mahmudov çıxış edərək bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar.

Millət vəkilləri vurğulayıblar ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri ölkə iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafının sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Çıxışlarda təqdim olunan qanun layihəsi biznes mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və iqtisadi fəallığın təşviqi baxımından dövlətin həyata keçirdiyi iqtisadi siyasətin məntiqi davamı kimi dəyərləndirilib. Sənəddə təklif olunan dəyişikliklərin iqtisadi suverenliyimizin möhkəmləndirilməsi, milli sahibkarlığın gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi baxımından vacibliyi qeyd olunub.

Komitə sədri Azər Əmiraslanov deputatların söylədikləri fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra spiker Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin Milli Məclisin qərar layihələri olduğunu söyləyib. O bildirib ki, bu - Azərbaycan Respublikası Milli Məclisinin 2027-ci il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında qərar layihələridir.

Milli Məclisin sədri qeyd edib ki, həmin qərar layihələri bu gün müzakirə olunacaq, amma qəbul edilməyəcək. Büdcə zərfinə daxil olan sənədlər üçüncü oxunuşda təsdiqlənən zaman onlarla birlikdə qəbul ediləcək.

Sonra Parlamentin işlər müdiri Firudin Hacıyev Azərbaycan Respublikası Milli Məclisinin 2027-ci il üçün xərclər smetası haqqında məlumatı təqdim edib.

O, növbəti il üçün dövlət büdcəsində Milli Məclisin saxlanması məqsədilə nəzərdə tutulan vəsaitin deputatların, Parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarının, eləcə də deputat köməkçilərinin əməkhaqlarının, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının, habelə malların, iş və xidmətlərin satın alınması və bir sıra digər maddələr üzrə xərclərin ödənilməsi üçün nəzərdə tutulduğunu deyib.

Sonra Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Azərbaycan Respublikası Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında məlumat verib.

O, 2027-ci ilin dövlət büdcəsində Hesablama Palatasının xərclər smetası üçün 14,3 milyon manat vəsait nəzərdə tutulduğuni deyib. Xərclər smetasında yer alan əməyin ödənişi, malların, işlərin, xidmətlərin satınalınması, sosial ödənişlər və digər istiqamətlər üzrə ayırmalar barədə danışıb.

İclasda parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib.

O diqqətə çatdırıb ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olub. Layihədə qeyri-hökumət təşkilatlarının hüquqi statusunun, təşkilati strukturunun, fəaliyyət prinsiplərinin və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, sənəddə bir neçə istiqamət üzrə dəyişikliklər təklif olunur.

Birinci istiqamət qeyri-hökumət təşkilatlarının növlərinin qanunvericilik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlıdır. Layihəyə əsasən, ictimai birliklərin peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq, iqtisadiyyat sahələri, habelə qanunla müəyyən edilmiş digər növlər üzrə yaradılması nəzərdə tutulur. Fondlar isə ictimai faydalı fond, xeyriyyə fondu və qanunla müəyyən edilmiş digər növlər üzrə təsnif edilir. Hər bir ictimai birliyin və fondun yalnız bir növdə yaradılması təklif olunur.

İkinci istiqamət təşkilatların təsis edilməsi və idarə olunması ilə bağlı tələblərin dəqiqləşdirilməsidir. Belə ki, Mülki Məcəllədə və müvafiq sahə qanunlarında təşkilatların adlandırılması, təsis xüsusiyyətləri və nizamnamə tələbləri ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

Üçüncü istiqamət maliyyə şəffaflığının, hesabatlılığının və məsuliyyət mexanizmlərinin gücləndirilməsi ilə bağlıdır. Layihəyə əsasən, təşkilatların əmlakının formalaşma mənbələri və onlardan istifadə barədə təfsilatlı illik maliyyə hesabatlarının təsdiqi, eləcə də vəsaitlərin alınması, toplanması, verilməsi və köçürülməsi zamanı terrorçuluğun maliyyələşdirilməsi risklərinin minimuma endirilməsinə yönəlmiş daxili prosedurların müəyyənləşdirilməsi nəzərdə tutulur.

Dördüncü istiqamət qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması, bərpası və ləğvi ilə bağlı hüquqi əsasların yenilənməsidir. Layihədə qanunvericilik tələblərinin pozulması, şəffaflığın təmin edilməməsi, idarəetmə orqanlarının səlahiyyət müddətləri ilə bağlı dövlət reyestrində müvafiq dəyişikliklərin aparılmaması və digər hallar üzrə təşkilatların fəaliyyətinin dayandırılması əsasları genişləndirilir.

Beşinci istiqamət isə xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətinin hüquqi tənzimlənməsidir. Bu qurumların dövlət qeydiyyatı, müvafiq sazişlərin bağlanması və qüvvədə olma müddətinin uzadılması, eləcə də fəaliyyətlərinin şəffaflığı ilə bağlı tələblər dəqiqləşdirilir.

Layihənin keçid müddəalarına əsasən, qanun qüvvəyə mindikdən sonra artıq dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının 30 gün müddətində nizamnamələrini yeni tələblərə uyğunlaşdıraraq yenidən dövlət qeydiyyatı üçün müraciət etmələri nəzərdə tutulur.

Sonra Hüquq siyasət və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev məsələ barədə bu komitənin rəyini bildirib. O qeyd edib ki, təklif olunan dəyişikliklər daha peşəkar QHT-lərin formalaşmasını və sahəvi rəqabətin artmasını təmin edəcək, QHT sektorunda hesabatlılığı, şəffaflığı və səmərəliliyi artıracaq, vətəndaş cəmiyyəti institutlarının güclənməsinə və inkişafına əlavə stimul verəcək.

Deputat Hikmət Məmmədov məsələ barədə bəzi fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30