Vaşinqton Bəyannaməsi Azərbaycan diplomatiyasının qələbə salnaməsinə yazılan yeni səhifədir RƏY
Müasir, müstəqil Azərbaycan 35 ilə yaxın bir dövrü əhatə edən qısa tarixində bir çox böyük nailiyyətlərə imza atıb. Xüsusilə, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi əmr dünya hərb tarixində görünməyən yeniliyə səbəb oldu. Belə ki, 44 gün ərzində, heç bir mülki şəxsə zərər yetirmədən Azərbaycan Ordusu 30 il işğal altında qalan ərazilərinin azad olunmasında qabaqcıl hərbi texnologiyalardan istifadə etməklə böyük Zəfər qazandı.
Bu hadisə, Azərbaycan xalqının və dövlətçiliyinin tarixində ilk böyük Qələbə idi. Bu Qələbə müstəqil və suveren dövlət kimi Azərbaycanın əbədi yaşaması və hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Qazanılmış bu Zəfərin hüquqi çərçivəyə salınması və dünya siyasi arxitekturasında davamlı sülhün təmin olunması məqsədilə Prezident İlham Əliyev hərb sahəsində olduğu kimi, diplomatiya sahəsində də uğurlu addımlar atır. Dövlətimizin başçısı müxtəlif beynəlxalq platformalarda, eləcə də ikitərəfli və çoxtərəfli görüşlərdə, güc mərkəzlərinin maraqlarını nəzərə almaqla, Cənubi Qafqazda daimi sülhün bərqərar olunmasına yönəlmiş fəaliyyətini əzmlə davam etdirir.
2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra, 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında yeddi bənddən ibarət yeni bir Bəyanatın qəbul edilməsi, diplomatik müstəvidə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün tam bərpasını əks etdirən tarixi hadisə oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Məzahir Əfəndiyev bildirib.
O qeyd edib ki, bu strateji sənədin qəbul olunması və regionun gələcəyi üçün ortaya qoyduğu perspektivlər Azərbaycan ictimaiyyəti, siyasi dairələri, o cümlədən müdrik xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Milli Məclisi də ölkədə baş verən ictimai-siyasi hadisələrə reaksiya verən və mövcud çağırışlara uyğun olaraq müvafiq qərarlar qəbul edən bir institut kimi öz mövqeyini ortaya qoyaraq, sentyabrın 9-da keçirilən növbədənkənar sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasını uğurla başa vurdu.
Bu günə qədər Azərbaycan parlamenti ölkənin uğurlarının hüquqi əsaslara söykənməsi və qanuniləşdirilməsi istiqamətində bir çox mühüm iclaslar keçirib, siyasi konfiqurasiyanın əsas fikirlərini əks etdirən qərarlarla dövlətə dəstəyini ifadə edib. Eyni zamanda, Azərbaycan tarixindəki uğurlar siyasi və hüquqi qiymətini də alıb.
Ümumiyyətlə, Konstitusiyamızın 81-ci maddəsinə əsasən, Milli Məclis qanunverici orqan olaraq artıq 30 ildir Azərbaycanda baş verən ictimai-siyasi proseslərdə yaxından fəal iştirak edir, ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verir.
Parlament tərəfindən qəbul olunmuş və Azərbaycan Prezident tərəfindən təsdiqlənmiş qanun layihələri bilavasitə ölkə əhalisinin siyasi dayanıqlılığına təkan verərək siyasi dialoqun təşviqini, milli birliyimizi, xalqımızın vəhdətini və dövlətimizin müstəqilliyinin qorunmasını özündə ehtiva edir.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament dövlət idarəetməsində şəffaflığın və hesabatlılığın təmin olunmasında da vacib rol oynayır. Eyni zamanda, Milli Məclis beynəlxalq əməkdaşlıq platformalarında da ölkəmizin maraqlarını təmsil edir. Parlamentin müxtəlif komitələri ölkənin daxili və xarici siyasəti ilə bağlı geniş müzakirələr apararaq dövlətin strateji kursuna töhfə verir.
“Deputatların bu dəfə Milli Məclisin sədrinə etdikləri müraciət, məhz Azərbaycanın çoxvektorlu xarici siyasəti çərçivəsində, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşlərinin müzakirəsinə, o cümlədən bu məsələyə parlamentin münasibətinin formalaşdırılmasına yönəldi.
Müzakirələr zamanı Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri zamanı əldə etdiyi razılaşmaların Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun uğurla davam etdirilməsinin parlaq nümunəsi olduğu, xüsusilə bu razılaşmaların “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsinin əlamətdarlığı vurğulandı. Bütün deputatlar yekdil şəkildə Azərbaycan Prezidentinin ardıcıl və uğurlu xarici siyasətini dəstəklədiklərini ifadə edərək, dövlət başçısının ətrafında sıx birləşərək, imzalanmış sənədlərin icrası istiqamətində tam hazır olduqlarını bəyan etdilər.
Milli Məclisdə aparılmış bu müzakirələr bir daha sübut edir ki, parlament beynəlxalq əlaqələrdə və təmsil olunduğu beynəlxalq platformalarda, institutlar və təşkilatlar vasitəsilə Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına xidmət edən, böyük dövlətlərin razılığı və iştirakı ilə imzalanmış sülh sənədlərinin təbliğinə və onların həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan tarixinin təhrif olunmasına yol verməmək üçün beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edir.
Bu iclas ölkənin ali qanunverici orqanının regionda baş verən mühüm proseslərə verdiyi əhəmiyyətin, dövlət başçısının sülh gündəminə verdiyi dəstəyin və parlamentin beynəlxalq münasibətlərdə fəal iştirakının təzahürü idi.
Belə təşəbbüslər, həmçinin Azərbaycan parlamentarizminin inkişafı və onun milli maraqlara xidmət edən müstəqil mövqeyinin göstəricisidir. Bu növbədənkənar sessiya bir daha göstərdi ki, ölkə parlamenti dövlət siyasətinin mühüm istiqamətlərinə çevik münasibət bildirməklə həm milli həmrəyliyə, həm də beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun möhkəmlənməsinə töhfə verir”, - deyə M.Əfəndiyev vurğulayıb.