Sumqayıt Teatrında “Jorj Danden, yaxud Aldanmış ər” tamaşasının premyerası olacaq
Sumqayıt Dövlət Dram Teatrı yeni teatr mövsümündə dünya dramaturgiyasının incilərindən sayılan Jan Batist Molyerin “Jorj Danden, yaxud Aldanmış ər” adlı məşhur komediyasını tamaşaçılara təqdim etməyə hazırlaşır.
Teatrdan bildirilib ki, yeni məşqlərinə start verilmiş səhnə əsəri klassik komediyanın ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası və aktyor ifaları ilə daha da zənginləşdirilərək təqdim olunacaq.
Səhnə əsərində kəndli təbəqəsindən olan, lakin var-dövlət vasitəsilə zadəgan ailəsinə kürəkən olmuş şəxsin faciəvi-komik həyat hekayəsi təqdim olunur. Əsərdə sosial təbəqələrarası uyğunsuz evliliklərin doğurduğu nəticələr, ailə və cəmiyyət münasibətləri incə satirik dillə tənqid edilir.
Dövlət sirafişi ilə hazırlanan tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, qurluşçu rejissoru Ümid Abbaszadə, qurluşçu rəssamı Osman Salmanov, bəstəkarı Vüsal Namazlı, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayeva, Ləman Məmmədlidir. Əsəri Azərbaycan dilinə görkəmli dramaturq, Xalq yazıçısı Elçin tərcümə edib.
Yeni tamaşada obrazları Əməkdar artist Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Habil Xanlarov, İlahə Səfərova, Aynur Hümbətova, Məryəm Hüseynli, Mətləb Səfərli, Əjdər Zeynalov,Gülnarə Qədirova, Vəfa Qurbanova, Kamran Muradlı, Şəmistan Süleymanlı, Elay Xasiyev, Günəş Bağırsoy, Elmir Mehdiyev, Emil Həmidov və Şəhriyar Aşkari ifa edirlər.
Tamaşanın premyerasının ilin sonuna qədər keçirilməsi planlaşdırılır.