Almaniyada tropik fırtına nəticəsində məhv olmuş pterozavr balalarının qalıqları tapılıb
Britaniyalı paleontoloqlar Almaniyanın cənubunda yerləşən məşhur Zolnhoffen əhəngdaşı yataqlarında aparılan qazıntılar zamanı təxminən 150 milyon il əvvəl güclü tropik fırtına zamanı həlak olmuş iki pterozavr balasının qalıqlarını aşkar ediblər. Bu, pterozavr balalarının məhz hava şəraiti səbəbindən məhv olmasını birbaşa təsdiqləyən ilk tapıntıdır.
Bu barədə Lester Universitetinin mətbuat xidməti məlumat yayıb.
“Biz yüzillər boyu hesab edirdik ki, Yura dövründə müasir Zolnhoffen ərazisində yerləşən dəniz laqunası xırda pterozavrlarla sıx məskunlaşmışdı. Amma məlum oldu ki, tam olaraq belə deyilmiş, belə ki, bir çox pterozavrlar əslində başqa adalarda yaşayıb, onların qalıqları isə fırtınalarda həlak olduqdan sonra laqunanın dibinə düşüb”, – deyə Böyük Britaniyanın Lester Universitetinin əməkdaşı Robert Smit bildirib.
Smit və həmkarları bu kəşfi XIX əsrdən bəri arxeopteriksin lələk və skelet izlərinin, eləcə də pterodaktil, pterozavr, plevrozavr, müxtəlif balıq və onurğasızların qalıqlarının tapıldığı Zolnhoffen yaxınlığındakı şist laylarında aparılan qazıntılar zamanı ediblər. O vaxtadək alimlər bütün bu canlıların həmin regionu örtən dayaz dəniz laqunasında yaşadıqlarını güman edirdilər.
Yaxınlarda britaniyalı paleontoloqlar çox kiçik ölçülü pterodaktil qalıqlarına rast gəliblər. Onların təhlili göstərib ki, həmin balaca sürünənin sol körpücük sümüyü sınmışdır və bu sınıq çox güclü burulma qüvvəsinin təsirindən yaranıb. Daha sonra alimlər oxşar zədəyə malik digər pterodaktil sümük izlərini də, lakin bu dəfə sağ çiyin nahiyəsində aşkarlayıblar.
Paleontoloqların fikrincə, belə zədələr nə yırtıcıların hücumları, nə də balaca pterodaktilərin maneələrlə toqquşması nəticəsində deyil, məhz tropik fırtınalar zamanı yaranan güclü külək burulğanlarının təsiri nəticəsində meydana gəlib. Bu cür sınıqlar gənc pterozavrın uçmaq qabiliyyətini itirməsinə, suda batmasına və həlak olmasına gətirib çıxarırdı. Daha sonra isə qalıqlar laqunanın dibinə çökürdü. Görünür, yetkin pterozavrlar belə zədələrdən daha yaxşı qorunurdu, çünki indiyədək alimlər Zolnhoffen yataqlarında böyüklərə aid oxşar zədələrin izlərini aşkar etməyiblər.
“Pterozavrların sümükləri inanılmaz dərəcədə yüngül və içi boş idi, bu isə onlara uçmağa imkan verirdi, amma eyni zamanda Mezozoy dövrünün süxurlarında çox zəif qorunub qalır. Ona görə də bu balaların qalıqlarının bu günədək gəlib çatması və onların necə həlak olduqlarını bizə “danışması” böyük bir şansdır”, – deyə Smit əlavə edib.
Paleontoloqların qənaətinə görə, pterozavrlar uçmağı mənimsəmiş ilk onurğalı canlılar olub. Bu qanadlı sürünənlərin təxminən 220–210 milyon il əvvəl Trias dövrünün sonunda kərtənkələyə bənzər əcdadlarının arxozavrların ümumi təkamül ağacından ayrılmasından bir neçə on milyon il sonra meydana çıxdığı güman edilir. Pterozavrların təkamül tarixi və onların əcdadlarının yaşayış mühiti barədə alimlər arasında hələ də ciddi mübahisələr mövcuddur.