Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib
Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Hamiltonu bu vəzifəyə təyin olunması münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı, Azərbaycan ilə NATO arasında tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib, Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti vurğulanıb. Azərbaycanla NATO arasında tərəfdaşlıq alətlərinin, birgə layihələrin əməkdaşlıq perspektivlərinin inkişafı üçün faydaları qeyd olunub.
Ötən ilin noyabr ayında NATO üzv ölkələri səfirlərinin ölkəmizə səfəri məmnunluqla xatırlanıb, bu kimi səfərlərin olduqca faydalı olduğu bildirilib.
Nazir Ceyhun Bayramov regionda mövcud vəziyyət, Ermənistan ilə post-münaqişə dövründə normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri, habelə davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar barədə tərəf müqabilinə məlumat verib.
Eyni zamanda, beynəlxalq təhlükəsizlik mühitində müşahidə olunan çağırışlar, o cümlədən geosiyasi gərginliklər və regional münaqişələr barədə fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: