DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
İyunun 16-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Azturkxeber.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 184, o cümlədən borclu şəxs qismində axtarışda olan 166, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eləcə də narkotiklərlə əlaqəli 27 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumi çəkisi 64,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 41,4 kiloqramdan artıq marixuana, 12,2 kiloqramdan çox heroin, 11 kiloqrama yaxın metamfetamin, həmçinin 280 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub. Kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 10,7 ton çəkidə 26 min 800 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 pulemyot, 1 tapança, 7 tüfəng, 7 patron darağı və 213 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər də saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: