İİB Qrupunun İllik Toplantısında halal iqtisadiyyat üzrə regional inteqrasiya və əməkdaşlıq imkanları müzakirə edilib


İyunun 16-da Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantısında Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) çərçivəsində "Dayanıqlı regional inteqrasiya üçün halal iqtisadiyyat" mövzusunda sessiya keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, Halal iqtisadiyyat üzrə. siyasət prioritetləri və əməkdaşlığın gücləndirilməsi imkanlarının müzakirə edildiyi sessiyada Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, maliyyə nazirinin birinci müavini Anar Kərimov, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku, İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Xalid Xalafalla çıxış ediblər.
Çıxışlarda halal iqtisadiyyatın qeyri-maliyyə sahələrində görülən işlər qeyd edilib, qida, iaşə, logistika, turizm və kosmetika sektorlarında halal sertifikatlaşdırmanın inkişaf etdirilməsi və yerli istehsalçıların halal dəyər zəncirlərinə inteqrasiyasının dəstəkləndiyi vurğulanıb.
Maliyyə nazirinin birinci müavini Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən sistemli islahatlar və formalaşdırılmış güclü makroiqtisadi əsaslar halal iqtisadiyyatın və islam maliyyəsinin inkişafı üçün etibarlı zəmin yaradır. O qeyd edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və Orta Dəhliz üzrə artan potensialı İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında halal ticarət və halal dəyər zəncirləri üzrə regional mərkəzlərdən biri kimi mövqeyini daha da gücləndirir.
A.Kərimov çıxışı zamanı islam bankçılığı, sükuk və təkaful kimi maliyyə alətlərinin tətbiqinin maliyyə sisteminin şaxələndirilməsinə, investisiya mühitinin genişləndirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, halal biznes sahəsində beynəlxalq standartların tətbiqi real sektorda məhsuldarlığın, ixrac potensialının və istehlakçı etimadının yüksəldilməsinə töhfə verir. Nazir müavini Azərbaycanın bu istiqamətdə regional tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə hazır olduğunu qeyd edib.
Eyni zamanda, regional inteqrasiya kontekstində İİB Qrupu ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı vurğulanaraq, Bankın dəstəyi ilə Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə layihələrin icra edildiyi, İİB Qrupunun müxtəlif institutları ilə investisiya, ixrac kreditlərinin sığortası, ticarətin maliyyələşdirilməsi və özəl sektorun inkişafı istiqamətində əməkdaşlığın genişləndirildiyi diqqətə çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: