“Sonsuz sükut” yaşayan keçmiş məcburi köçkün: Elə bilirdim ki, valideynlərim səsimə cavab verəcəklər
“İtmiş ailə: məzar da yoxdur, səda da gəlmir”. Bu, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Cenevrədə “Sınıq stul” abidəsi qarşısında keçirdiyi aksiyada səsləndirilən şüarlardan biridir...
Azərbaycanda çox sayda ailə hələ də bu şüarda qeyd edilənlərə oxşar tale yaşayır. Buna səbəb isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzdür. Belə ki, Qarabağ müharibəsində 3 min 990 nəfər Azərbaycan vətəndaşı itkin düşüb, onlardan 6-sı 44 günlük Vətən müharibəsi zamanı itkin düşənlərdir. İtkin düşmüş şəxslər arasında 71 uşaq, 284 qadın və 316 qoca da var.
Qarabağda yaxınlarını itirən və hələ də onlardan xəbər ala bilməyənlərdən biri də Laçın rayonunun Şamkənd kəndində anadan olan, hazırda Sumqayıt şəhərində yaşayan keçmiş məcburi köçkün 53 yaşlı Zəminə Əliyevadır. O, 21 yaşında olarkən atası Yusif Əliyevi və anası Qənirə Əliyevanı eyni gündə itirib.
Laçının işğalı və “Tunel”də yoxa çıxan valideynlər
Zəminə xanım AZƏRTAC-ın əməkdaşları ilə söhbətində xatırlanması çox ağır olan həmin günü özü üçün “sonsuz sükutun başlanğıcı” adlandırdığını bildirib və göz yaşlarına hakim ola bilməyib: “1992-ci il mayın 18-də Laçın şəhəri ermənilər tərəfindən işğal edilib. Amma şəhərin bəzi kəndlərinin, eləcə də ucqar dağ kəndi olan Şamkəndin sakinləri öz yurdlarında qalaraq ermənilərə qarşı müqavimət göstəriblər. Mənim atam uzun illər kəndin icra nümayəndəsi, sovxoz direktoru işləyib. Anam bağça müdiri olub. Mən o zaman yeni ailə həyatı qurmuşdum. Ağdamda yaşayırdım. 2 qardaşım və 3 bacım da hadisələr vaxtı köçüb, Mingəçevirdə yerləşmişdilər. Biz valideynlərimizə hər dəfə deyirdik ki, yanımıza gəlsinlər. Amma gəlmədilər və belə bir ağır hadisə baş verdi. Belə ki, 1993-cü ildə qəflətən xəbər gəlib ki, artıq ermənilər Kəlbəcəri də işğal ediblər. Bizimkilərin gediş-gəliş yolu bağlanır. Deyiblər ki, camaat kəndləri tez boşaltsın. Atam həmkəndlilərinin kənddən çıxışını təşkil etdiyinə görə bir qədər ləngiyib. Tənha yaşayan Həvvaxanım nənəni belə kənddə tək qoymayıb. Atam camaata deyirmiş ki, onu gətirəcək və qulluğunda dayanacaq. Amma elə oldu ki, Həvvaxanım nənə sağ gəlib çıxdı, atam gəlmədi... Bibim qızı Səma da kənddə qalanlardan biri olub. O hamilə idi, eyni zamanda, qucağında azyaşlı körpəsi var idi. Onu da ermənilər həmin gün silahla vurublar. Ancaq onun nəşini Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri götürmüşdülər. Bətnindəki körpəsi də öldü. Bizə o zaman ermənilər səyyar radiostansiya ilə xəbər verib, lağla dedilər ki, Səmanın oğlan övladı olub. Yaşyarımlıq qız körpəsini də vurmuşdular, onun gözləri kor olmuşdu. Həmin qız - Nurlana sağ qaytarıldı, nənəsi ona baxdı. O universteti bitirib, indi müəllim işləyir. Beləliklə, 1993-cü il martın 31-də atamgil “Tunel” yolu ilə “UAZ” markalı maşınlara minib, gəlmək istəyərkən faciə ilə qarşılaşıblar. “Tunel”lə bizim kəndin arasında 2 saat yarımlıq məsafə var idi. “Tunel”dən çıxmaq çox çətin idi. Ermənilər “Tunel”in girişində pusquda dayanıblarmış. Onlar “UAZ”-ı “Tunel”ə girəndə vurublar. Əmim o zaman döyüşürdü. Ona xəbər gəlir ki, “Tunel”dəki maşınları vurublar. O da 3 nəfər döyüşçü ilə köməyə gələndə ermənilər onları da vurublar. Onların da nəşləri hələ tapılmayıb. Əmimin şəhid olduğu rəsmən təsdiqlənib. Atam da şəhid olub. Amma şahidlər anamın maşınla aparıldığını görüblər. Çünki bibim qızı Səmanı Qızıl Xaç Komitəsinin nümyəndələri yaralı halda götürüblər. Səma yaralandıqdan sonra məktub yazıb, ailəsinə göndərmişdi. O, bildirmişdi ki, atamın yaralandığını görüb. Həmçinin ermənilər anamı avtomatın qundağı ilə vuraraq, maşına mindirmək istəyiblər. Ancaq anamın ayaqları tutulubmuş, gedə bilmirmiş, qanı axırmış. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayənləri həmin vaxt gəlib yaralıları, meyitləri “KamAZ” markalı maşınla aparıblar. Lakin anamdan bugünədək xəbər yoxdur və o itkin kimi qeydə alınıb”.
Ata, ana ilə sonuncu görüş və cavab verilməyən hayqırtı
Zəminə Əliyeva bildirib ki, valideynləri bu hadisədən bir həftə əvvəl Ağdama - onlara qonaq gəliblər. Həmin vaxt o, dəfələrlə onlardan geri qayıtmamalarını xahiş edib. Lakin valideynləri doğma yurd yerlərinə qayıdıblar:”Atama yalvararaq dedim ki, getməsin, birdən ermənilər nəsə edərlər. Amma o “Ay bala qorxma, erməni kimdir ki, bizə nəsə etsin!”, - dedi və getdi”.
Onun sözlərinə görə, 3 il əvvəl Laçına gedib. Orada ermənilər tərəfindən törədilən vəhşiliklər isə onu dəhşətə gətirib. “Oraya gedənədək elə düşünürdüm ki, atam, anam, əmim hələ də kənddədirlər. Bizi gözləyirlər. Elə bilirdim ki, onlar dağlardadır, gedib möhkəm hayqırsam, səsimə cavab verəcəklər. Çox çətinliklə Laçına getdim. Xaraba qalmış evimizi, ətrafı görəndə bağrım yarıldı. Məni axşam apardılar ki, həmin yerləri dərhal görməyim. Oraları görəndə elə bir nalə çəkdim ki... Qardaşım da 3 il əvvəl Laçına getdi və infarkt keçirdi. Oradan gələndən indiyədək müalicə alır”, - deyə o diqqətə çatdırıb.
Həmsöhbətim deyib ki, hər il martın 31-də böyük qardaşıgildə toplaşaraq valideynlərini yad edirlər: ”Onu da deyim ki, nənəm və babam bizimlə yaşayırdılar. Nənəm müharibə başlamamışdan əvvəl vəfat etdi. Babam isə bizimlə birlikdə Bakıda köçkünlük həyatı yaşadı. O, 3 dəfə infarkt keçirdi. Sonuncu dəfə infarkt olanda 9 gün çox ağır vəziyyətdə qaldı. Yalnız atamın şəklini sinəsinin üstünə qoyandan sonra canını tapşırdı”.
Yaşadılan xatirələr və yollara dikilən gözlər
Atasının el-oba içərisində sayılıb-seçilən şəxslərdən biri olduğunu xatırladan müsahibim onun el-obaya qarşı həmişə humanistlik nümayiş etdirdiyini qeyd edib. Buna görə də o, Laçında atasının adının hansısa formada əbədiləşdirilməsini istəyir: “Elə bir gün yoxdur ki, valideynlərim yadıma düşməsinlər. Əvvəllər ən çox atamı yuxuda görürdüm. Özü də ən çətin günlərimdə... Bir dəfə yuxuda atam məni böyük qara saçaqlı şala bürüdü. Həmin yuxudan sonra həyatımda yeni faciələr baş verdi. Həyat yoldaşım I Qarabağ müharibəsində, Ağdamda şəhid oldu. Daha sonra iki yaş yarımlıq övladım qaynar suya düşdü və vəfat etdi”.
Zəminə Əliyeva valideynləri ilə keçirdiyi xoş günləri də xatırlayıb: “Həyətimizin qapısının girişində yelləncək var idi. Atam şəhid əmimin oğlunu hər axşam işdən gələndən sonra həmin yelləncəkdə yelləyərdi. İkimərtəbəli evimiz var idi. Həyətimizdə olan meyvələri dərib, qış ehtiyatı üçün yuxarı mərtəbədə saxlayardıq və s.”.
Həmsöhbətim sonda deyib ki, indi valideynlərinin 18 nəvəsi, 11 nəticəsi var. Onlar babaları ilə fəxr edirlər. Kiçik qardaşı isə oğluna atasının, qızına anasının adını qoyub. O, eyni zamanda, qeyd edib ki, bu ailə valideynlərinin xəyalı ilə yaşayır, onlardan xəbər alacağı günü gözləyir...