Qarabağda separatizmin süqutu və Azərbaycanın suverenliyinin tam bərpası

Azərbaycan qalib ölkə olmasına baxmayaraq dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi danışıqlardan boyun qaçıraraq ölkəmizin suveren ərazisində silahlı təxribatlar törədirdilər. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşma, 2022-ci ilin sentyabrında isə müharibədən sonra ən qanlı toqquşma baş vermişdi. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri və buradakı separatçılara məxsus qanunsuz hərbi dəstələr Şuşa istiqamətində hərbi təxribatlar törətdilər.
2020-ci il 10 noyabr üçtərəfli Bəyanata əsasən Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxarmalı, separatçılara məxsus silahlı dəstələr tərk-silah olunmalı idi. Lakin Ermənistan buna əməl etmirdi, əksinə Qarabağdakı silahlı dəstələrini silahlandırır, zirehli texnikalarla təchiz edirdi. Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və onun xaricdəki havadarlarına müraciət edərək ermənilərin qanunsuz əməllərinə son qoyulmasını tələb edirdi. 2020-ci ildə imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən çox Ermənistan silahlı qüvvələrinin birləşmələri qalmaqda idi. Prezident cənab İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə Qarabağ ərazisindən silahlı qüvvələrini çıxartmağı və sülh bağlamaqla bağlı çağırışlar etmişdir. Ölkə başçımız azərbaycanlılarla ermənilərin birgə yaşayışının təmin ediləcəyi barədə humanist təklif irəli sürmüş, ikitərəfli danışıqların, münasibətlərin normallaşmasına böyük töhfə verə biləcəyini vurğulamışdı. Ermənistan və Qarabağdakı separatçılar isə bu təklifi lazımı qiymətləndirmədilər. Qarabağda separatçılar özlərinin oyuncaq "Prezident"ini seçdilər, qondarma "Parlament"ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar səsləndirdilər.
2023-cü ilin 19 sentyabr tarixində erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində bir sıra genişmiqyaslı hərbi təxribatlar törətdilər. Təxribatlar nəticəsində azərbaycanlı mülki şəxslər və hərbi qulluqçular şəhid oldular və yaralandılar. Bütün bu təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olunması üçün Azərbaycan Ordusu bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabr 19-da başlayan və cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində ermənilər ağ bayraq qaldırdılar və təslim oldular. Azərbaycan Ordusu ermənilərin bütün hərbi istehkamlarını, texnikalarını tamamilə məhv etdi. Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu böyük peşəkarlıq nümayiş etdirdi. Heç bir erməni sakininə və mülki obyektlərə zərər yetirilmədi. Bu bir daha Azərbaycan xalqının nə qədər humanist bir xalq olmasının nümunəsi idi. Azərbaycan Ordusu əvvəlcədən bütün mülki şəxslərə hərbi obyektlərdən uzaq durmaları barədə SMS və səs gücləndiricilərlə xəbərdarlıq etmişdir.
Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şaxramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə Qarabağda separatizmin kökü kəsildi və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: