General-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib

Azərbaycan Respublikasının sərhəd mühafizəsi və təhlükəsizlik orqanlarında uzun illər məsul vəzifələrdə xidmət etmiş, ölkəmizin sərhəd mühafizəsi sisteminin formalaşması və inkişafında xidmətləri olmuş general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
İsgəndər İmanverdi oğlu Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradıldığı 1991-ci ildə Komitənin sədri vəzifəsinə təyin edilib, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Sonrakı illərdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib.
İsgəndər Allahverdiyev sonrakı illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavini vəzifəsində fəaliyyət göstərib, zəngin xidmət təcrübəsinin gənc kadrların hazırlanmasına yönəldilməsinə töhfə verib.
Dövlət qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə” medalı və digər medal və təltiflərə layiq görülüb.
General-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyevin vəfatı onu tanıyanlar, xidmət yoldaşları və silahdaşları üçün ağır itkidir.
Onun əziz xatirəsi daim ehtiramla yad ediləcək.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: