azturkxeber.az
http://azturkxeber.az

“Xəyal edilməsi belə çətin olan bir mərhələyə çatmışıq” – Türkiyəli deputatdan MÜHÜM AÇIQLAMA

16-09-2026

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşməsi son illərdə türk dünyasının gündəmində əsas məsələlərdən birinə çevrilib. Ortaq əlifba, nəqliyyat dəhlizləri, ticarət və investisiya imkanlarının genişləndirilməsi bu inteqrasiyanın mühüm istiqamətlərindəndir.

Bəs bütün bunlar vətəndaşların gündəlik həyatında nə zaman və necə hiss olunacaq? Zəngəzur dəhlizinin açılması hansı yeni imkanlar yaradacaq?

Bu və digər məsələlərlə bağlı Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşat Zorlu Oxu.Az-ın suallarını cavablandırıb.

O, bu prosesdə ən önəmli məsələnin – ortaq dil və əlifba ilə bağlı prosesin sürətləndirilməsi olduğunu deyib:

“Biz öz dillərimizdə bir-birimizlə daha asan və rahat şəkildə anlaşa bildiyimiz zaman vətəndaşlarımız da bunun təsirini birbaşa hiss edəcəklər. Bu baxımdan, ortaq əlifba ilə bağlı çalışmalarımız çox mühüm əhəmiyyət daşıyır. Əslində, bu istiqamətdə xəyal edilməsi belə çətin olan bir mərhələyə gəlib çatmışıq. Amma bu, hələ kifayət deyil. Daha yaxşı səviyyəyə çatmalıyıq”.

“Əlbəttə, biz vətəndaşlarımızın iqtisadi həyatına daha güclü təsir göstərəcək bir mərhələyə də gəlməyimizi arzulayırıq. Bu isə ticarətimizi artırdıqca mümkün olacaq. Ortaq investisiyaları artırmaqla yeni məşğulluq sahələri yaratmağımız da mümkün olacaq. Biz bu istiqamətdə fəaliyyətimizi intensivləşdiririk. Heç kimin şübhəsi olmasın ki, qarşıdakı 10 illik perspektivdə vətəndaşlarımız türk dövlətləri arasındakı münasibətlərin onların gündəlik həyatına təsirini tədricən görməyə başlayacaqlar”, – deyə müsahibimiz deyib.

Türkiyəli millət vəkili Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının inteqrasiyası baxımından yaranacaq yeni imkanlar və bu prosesdə Azərbaycanın rolunun necə formalaşacağından da danışıb:

“Zəngəzur dəhlizi yalnız Türkiyə və Azərbaycan üçün deyil, Şərq-Qərb istiqamətində uzanan xətt baxımından da çox dəyərlidir. Bu layihə həyata keçdikdə, Azərbaycandan Türkiyəyə fasiləsiz dəmir yolu və digər nəqliyyat bağlantısı yaranmış olacaq. Bu mənada Azərbaycan və Türkiyə üzərindən Şərqlə Qərb arasında ticarət, turizm və bir çox digər sahələrdə ciddi hərəkətlilik də meydana gələcək. Təxminən 600 milyard dollarlıq xarici ticarət potensialını bu xətt vasitəsilə bütün dövlətlərimizin rifahına yönəltmək imkanımız olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930