Səbinə Əliyeva: "Azərbaycan dili milli kimliyimizin və mənəvi irsimizin əsas dayağıdır"

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə sosial media hesabında paylaşım edib.
Azturkxeber.az xəbər verir ki, Ombudsman bildirib ki, bu əlamətdar gün milli kimliyimizin, mənəvi dəyərlərimizin və doğma dilimizə ehtiramın təcəssümüdür. Ana dili insanın kimliyini formalaşdıran, milli yaddaşını yaşadan və dünyagörüşünün əsasını təşkil edən ən mühüm dəyərlərdəndir. O vurğulayıb ki, hər bir şəxsin öz ana dilində danışmaq, təhsil almaq, fikir və yaradıcılığını sərbəst ifadə etmək hüququ fundamental insan hüquqlarının ayrılmaz hissəsidir.
Səbinə Əliyevanın sözlərinə görə, Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını və dövlətçilik ənənələrini yaşadaraq bu günümüzə çatdıran ən böyük mənəvi sərvətlərdəndir. Dilimizin saflığının qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi isə dövlətin, cəmiyyətin və hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir.
Paylaşımda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin dövlət dili və latın qrafikalı Azərbaycan əlifbası ilə bağlı qəbul etdiyi mühüm qərarlar bu sahədə möhkəm hüquqi və ideoloji baza formalaşdırıb. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan dilinin və milli-mədəni irsin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirdiyi təşəbbüslərin xüsusi önəm daşıdığı vurğulanıb.
Sonda Ombudsman hər kəsi ana dilimizi qorumağa, onun saflığının keşiyində dayanmağa və Azərbaycan dilində səlis danışaraq zəngin dil mədəniyyətini yaşatmağa çağırıb.
Paylaşımda dahi şair Bəxtiyar Vahabzadənin aşağıdakı misraları da yer alıb:
"Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır."
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: