“Yay Fest”in “Kreativ AI” düşərgəsi başa çatıb
Azərbaycan Respublikasının Gənclər Fondunun (ARGF) dəstəyi ilə təşkil olunan və bu il rəqəmsal inkişafa həsr edilən “Yay Fest 2026”nın 27–31 iyul tarixlərini əhatə edən “Kreativ AI” düşərgəsi uğurla yekunlaşıb.
Bu barədə Azturkxeber.az-a ARGF-dən məlumat verilib.
Bildirilib ki, düşərgənin əsas məqsədi gənclərin süni intellektdən yaradıcı alət kimi istifadə bacarıqlarını inkişaf etdirmək, onların kreativ düşüncəsini gücləndirmək və AI texnologiyasını incəsənət, media, dizayn, kontent istehsalı və rəqəmsal yaradıcılıq sahələrində tətbiq etməyi öyrətmək olub.
Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı rayonunda yerləşən abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər. Daha sonra gənclər festival ərazisinə yola düşərək, onlar üçün hazırlanan zəngin proqramla tanış olublar.
Düşərgənin ilk günü qonaq olan Azərbaycanın Xalq artisti Natiq Şirinov və “Natiq” Ritm Qrupu ritm sənəti, musiqinin insan həyatındakı rolu barədə gənclərlə fikirlərini bölüşüb, müxtəlif musiqi kompozisiyaları ilə çıxış edərək, festivala fərqli ab-hava qatıblar.
Düşərgə müddətində gənclər ölkəmizin tanınmış əməkdar incəsənət xadimləri, aktyor heyəti, jurnalistləri, aparıcıları və süni intellekt mütəxəssislərinin iştirakı ilə baş tutan “Obrazlılıqdan süni intellektə”, “Ekranın gələcəyi: Jurnalistika, media və texnologiya” və “Süni intellekt yaradıcılığı əvəz edir, yoxsa gücləndirir?” adlı panel görüşlərdə iştirak edərək interaktiv müzakirələrə qoşulublar.
Bununla yanaşı, düşərgə iştirakçıları müxtəlif master-klasslarda öz yaradıcılıqlarını nümayiş etdirib, “AI Vision” və “Cosplay Show” müsabiqələrində maraqlı kompozisiyalarla çıxış ediblər. “Da Vinçi”, “Meloman” və “Kinoman” kimi intellektual yarışlar, həmçinin futbol, voleybol və stolüstü tennis turnirləri iştirakçıların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, komandalar arasında sağlam rəqabət ruhunun formalaşmasına töhfə verib.
“Yay Fest”in konsert proqramında gənclər sevimli müğənniləri - “AynaBand” qrupu, Eddie Bueno və Fərid Mərdin ifaları ilə əyləncəli vaxt keçirdib, tonqal ətrafında toplaşaraq səmimi söhbətlər ediblər.
“Yay Fest”in üçüncü düşərgəsi də iştirakçılar üçün rəngarəng proqram, yeni dostluqlar və unudulmaz təəssüratlarla yadda qalıb.
İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest” sentyabr ayınadək “Müasir şəhərlər və texnologiya”, “Elm, etika və gələcək”, “Mühəndislik və kod”, “Startap və sahibkarlıq”, “AI – İdman və sağlamlıq” mövzuları üzrə növbəti düşərgələrlə davam edəcək.
“Yay Fest 2026” ARGF-in dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, ARGF-nin Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
ARGF-in gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edirlər. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: