Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilmişdir




“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində görkəmli sənətkarın yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Xüsusi Məktəbin müəllim heyəti və kursantlar, o cümlədən dahi şairin ailə üzvləri iştirak etmişlər.
Çıxış edənlər XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) anadan olmasının 2026-cı ildə 120 illiyinin tamam olduğunu qeyd etmiş, şairin həyat və yaradıcılığından, milli ədəbiyyatımızın inkişafına verdiyi töhfələrdən bəhs etmişlər.
Səməd Vurğunun çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalının dayandığı, əsərlərində Vətənə və xalqa məhəbbətin parlaq təcəssüm tapdığı, şairin dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeirinin isə hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik tərənnümü olduğu vurğulanmışdır.
Böyük söz ustadının ana dilinin saflığının qorunmasında müstəsna xidmətləri, xalq yaradıcılığından bəhrələnərək yaratdığı əsərlərin ədəbiyyatımızın qızıl fondunda xüsusi yer tutduğu diqqətə çatdırılmışdır. Səməd Vurğunun zəngin bədii irsinin gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində mühüm rol oynadığı qeyd edilmişdir.
Tədbirin bədii hissəsində şairin şeirləri səsləndirilmiş, əsərlərindən səhnəciklər təqdim edilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: