azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyətlərarası dialoq: Azərbaycanın strateji baxışı və yeni geosiyasi reallıqlar

29-10-2026

Müasir beynəlxalq münasibətlər sistemi geosiyasi gərginliklər, regional münaqişələr və təhlükəsizlik çağırışları ilə səciyyələnir. Belə bir şəraitdə sülhün qorunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və müxtəlif mədəniyyətlər arasında dialoqun inkişafı beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindəndir.

Zəngin multikulturalizm ənənələrinə, əlverişli coğrafi mövqeyə və çoxşaxəli xarici siyasətə malik Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqinə mühüm töhfə verir. Ölkəmizin təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal problemlərin müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platformadır. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndiridiyi fikirlər Azərbaycanın milli maraqlarını, regional sülhə yanaşmasını və beynəlxalq münasibətlər sistemindəki mövqeyini əks etdirir.

Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən Forumda səsləndirilən fikirlər mədəniyyətlərarası anlaşma, multikulturalizm, beynəlxalq hüquq, regional təhlükəsizlik və sülh quruculuğu kimi məsələləri vahid siyasi kontekstdə birləşdirdi.

Dövlət başçımızın çıxışı göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqu yalnız humanitar əməkdaşlıq vasitəsi kimi deyil, həm də beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın möhkəmləndirilməsinə, siyasi əməkdaşlığın genişləndirilməsinə və ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsinə xidmət edən strateji istiqamət kimi nəzərdən keçirir. Bu baxımdan Forum Azərbaycanın həm tarixi-mədəni irsini, həm də müasir geosiyasi reallıqlardakı rolunu təqdim edən mühüm beynəlxalq platformadır.

Prezident İlham Əliyev çıxışında Forumun son 15 il ərzində qlobal problemlərin müzakirəsi üçün səmərəli və əhatəli platformaya çevrildiyini vurğulayıb. 100-dən artıq ölkədən nümayəndələrin iştirakı ilə keçirilən tədbir Azərbaycanın beynəlxalq dialoqun təşviqinə verdiyi töhfənin miqyasını nümayiş etdirir. 2011-ci ildə əsası qoyulan bu təşəbbüsün davamlılığı isə mədəniyyətlərarası münasibətlərin müasir beynəlxalq gündəlikdə artan əhəmiyyətini təsdiqləyir.

Müasir dünyada geosiyasi rəqabətin dərinləşməsi, regional münaqişələrin davam etməsi, dini və etnik zəmində qarşıdurmaların meydana çıxması sivilizasiyalararası anlaşmanın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə dialoq platformalarının mövcudluğu müxtəlif siyasi və mədəni ənənələrə malik dövlətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın bu istiqamətdəki siyasətinin əsas xüsusiyyəti mədəniyyətlərarası dialoqu konkret dövlətçilik təcrübəsi ilə əlaqələndirməsidir. Ölkənin coğrafi mövqeyi, tarixi inkişaf yolu və müxtəlif mədəniyyətlərin qovşağında yerləşməsi onun Şərqlə Qərb arasında əlaqələrin qurulmasında mühüm rol oynamasına imkan verir.

Prezident İlham Əliyev ölkədə müxtəlif etnik və dini qrupların nümayəndələrinin Konstitusiyada təsbit olunmuş bərabər hüquqlara malik olduğunu və vahid cəmiyyətin tərkib hissəsi kimi yaşadığını qeyd edib.

Tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri şəraitində formalaşmış Azərbaycan cəmiyyətində multikulturalizm yalnız mədəni irsin elementi deyil, həm də ictimai münasibətlərin tənzimlənməsində mühüm dəyərdir.

Prezidentin azərbaycançılıq ideyasına istinad etməsi də bu baxımdan diqqətəlayiqdir. Azərbaycançılıq müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşları ümumi milli məqsədlər ətrafında birləşdirən ideoloji çərçivə kimi səciyyələndirilir. Dövlət başçısının fikirlərində bu birliyin xüsusilə ölkənin üzləşdiyi çətin dövrlərdə özünü göstərməsi milli həmrəyliyin siyasi və ictimai əhəmiyyətini bir daha vurğulayır.

Dövlətimizin başçısı çıxışında Azərbaycanın dövlətçilik tarixinin, milli kimliyinin və müstəqilliyin qorunmasının əhəmiyyətinə də geniş yer verib. Müxtəlif siyasi sistemlər şəraitində yaşamasına baxmayaraq, Azərbaycan xalqı dilini, ənənələrini, dəyərlərini və həyat tərzini qoruyub saxlayır.

Dövlət başçısının yanaşmasına əsasən, ölkənin müasir nailiyyətləri xalqın zəhməti, milli həmrəyliyi və müstəqil qərarvermə imkanları ilə bağlıdır. Bu kontekstdə müstəqillik həm daxili inkişafın, həm də beynəlxalq münasibətlərdə suveren mövqenin qorunmasının başlıca şərtidir.

Azərbaycanın öz milli kimliyini qorumaqla yanaşı, müxtəlif mədəniyyətlərlə əməkdaşlıq etməsi də dövlətçilik modelinin mühüm xüsusiyyətidir.

Prezidentin çıxışının əsas siyasi istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də Ermənistanla münasibətlərin normallaşdırılması məsələsi olub. Dövlət başçısı uzun illər davam edən danışıqlar prosesinin münaqişənin həllinə gətirib çıxarmadığını, Azərbaycanın isə özünümüdafiə hüququna və beynəlxalq hüquqa istinad edərək ərazi bütövlüyünü bərpa etdiyini bildirib.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbiri regionda uzun müddət davam edən münaqişənin hərbi-siyasi mənzərəsini dəyişdirdi.

Dövlət başçısının vurğuladığı əsas məqamlardan biri hərbi qələbədən sonra sülh gündəliyinin irəli sürülməsidir. Onun fikrincə, müharibənin başa çatdırılması və dayanıqlı sülhün qurulması siyasi iradə, məsuliyyət və gələcəyə hesablanmış qərarlar tələb edir. Bu baxımdan Azərbaycanın təcrübəsi yalnız münaqişənin hərbi mərhələsi ilə deyil, həm də müharibədən sonrakı siyasi proseslərlə əlaqəli şəkildə təqdim olunur.

Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişi istiqamətində atılan addımlar Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətlidir. Bununla belə, dayanıqlı sülhün təmin olunması əldə olunmuş razılaşmaların icrasından, qarşılıqlı etimadın formalaşmasından və tərəflərin götürdükləri öhdəliklərə əməl etməsindən asılıdır.

Çıxışın mühüm istiqamətlərindən biri beynəlxalq hüququn tətbiqi və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı məsələlərdir. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun illər icra olunmamasını beynəlxalq sistemin problemlərindən biri kimi diqqətə çatdırıb.

Dövlət başçısı bu təcrübədən çıxış edərək beynəlxalq təşkilatların qərarlarının icrasını təmin edən mexanizmlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq münasibətlərdə ikili standartlar məsələsi də məhz bu kontekstdə ön plana çıxır. Dövlətlərə qarşı müxtəlif hallarda fərqli yanaşmaların tətbiq edilməsi beynəlxalq institutlara etimadı zəiflədə və mövcud problemlərin həllini çətinləşdirə bilər. Azərbaycan rəhbərliyinin bu məsələyə dair mövqeyi beynəlxalq hüququn universal xarakterinin qorunması və dövlətlərin suveren bərabərliyi prinsipinin təmin edilməsi ilə bağlıdır.

Bununla yanaşı, beynəlxalq hüququn effektivliyi yalnız qərarların qəbul edilməsindən deyil, onların icrası üçün siyasi iradənin, institusional imkanların və ardıcıl mexanizmlərin mövcudluğundan asılıdır. Bu səbəbdən beynəlxalq təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi və qərarların icrasında bərabər yanaşmanın təmin olunması müasir beynəlxalq sistemin aktual məsələləri sırasındadır.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın xarici siyasət əlaqələrinin genişlənməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artması da diqqətə çatdırılıb. Dövlət başçısı Çin və ABŞ ilə strateji tərəfdaşlıq formatlarına, Avropa İttifaqının üzv dövlətləri ilə əməkdaşlığa, eləcə də Azərbaycanın müxtəlif regional və beynəlxalq təşkilatlardakı fəaliyyətinə istinad edib.

Bu münasibətlər Azərbaycanın xarici siyasətində çoxşaxəliliyin əhəmiyyətini göstərir. Müasir beynəlxalq sistemdə böyük güclər arasında rəqabətin artdığı şəraitdə müxtəlif tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi dövlətlərə iqtisadi, siyasi və təhlükəsizlik maraqlarını daha geniş müstəvidə reallaşdırmaq imkanı verir.

Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri regional əməkdaşlıqla qlobal tərəfdaşlıqlar arasında əlaqə yaratmaq cəhdidir. Ölkənin coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və regional əlaqələri bu istiqamətdə əlavə imkanlar formalaşdırır.

Dövlət başçısının çıxışında Azərbaycanın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə və 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməsi ilə bağlı qeyd etdiyi məqamlar da ölkənin beynəlxalq platformalarda artan iştirakının göstəricisi kimi təqdim olunub.

Bu tədbirlərin əhəmiyyəti yalnız diplomatik təmasların genişlənməsi ilə məhdudlaşmır. Onlar müxtəlif siyasi və mədəni ənənələrə malik dövlətlər arasında dialoq imkanlarının artırılması, ortaq maraqların müəyyənləşdirilməsi və regional məsələlərin müzakirəsi üçün əlavə platformalar yaradır.

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyinin uzadılması və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq formatlarında iştirakının genişlənməsi də ölkənin regional əlaqələrinin şaxələndirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində iqtisadi potensial, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları mühüm rol oynayır. Prezident İlham Əliyev çıxışında ölkənin beynəlxalq enerji bazarlarına etibarlı təchizatçı kimi çıxış etdiyini, nəqliyyat marşrutlarının inkişafında iştirakını və müasir infrastruktur imkanlarını vurğulayıb.

Qlobal təchizat zəncirlərinin dəyişdiyi, enerji təhlükəsizliyinin dövlətlərin strateji gündəliyində xüsusi yer tutduğu şəraitdə Azərbaycanın coğrafi mövqeyi əlavə əhəmiyyət qazanır. Şərqlə Qərb, eləcə də müxtəlif regional bazarlar arasında bağlantıların inkişaf etdirilməsi ölkənin iqtisadi və siyasi imkanlarını genişləndirən amillərdəndir.

Dövlət başçısının xarici borcun aşağı səviyyədə olması ilə bağlı fikirləri də iqtisadi dayanıqlılıq məsələsi kontekstində səsləndirilib. Makroiqtisadi sabitlik, enerji gəlirləri və nəqliyyat potensialı ölkənin beynəlxalq layihələrdə iştirakını genişləndirən mühüm amillərdir. Bununla belə, bu üstünlüklərin uzunmüddətli nəticələr verməsi iqtisadiyyatın şaxələndirilməsindən, insan kapitalının inkişafından və qlobal dəyişikliklərə uyğunlaşma imkanlarından da asılıdır.

Regional münaqişələr, geosiyasi rəqabət, ideoloji təsirlər və beynəlxalq münasibətlərdə qeyri-müəyyənlik dövlətlərin milli maraqlarını qorumaq üçün çevik və uzaqgörən siyasət yürütməsini zəruri edir.

Mədəniyyətlərarası dialoqun əhəmiyyəti onun yalnız fərqli cəmiyyətlər arasında anlaşma yaratmaqla məhdudlaşmamasıdır. Dialoq həm də siyasi gərginliklərin azaldılması, stereotiplərin aradan qaldırılması və ortaq problemlərin müzakirəsi üçün vasitədir. Bununla belə, dialoqun real nəticələr verməsi qarşılıqlı hörmətin, bərabərhüquqlu münasibətlərin və qəbul edilən öhdəliklərin yerinə yetirilməsinin təmin olunmasını tələb edir.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın müasir dövlətçilik modelinin və xarici siyasət prioritetlərinin əsas istiqamətlərini bir araya gətirən siyasi məzmunu ilə seçilir. Çıxışda multikulturalizm və milli həmrəylik, suverenlik və ərazi bütövlüyü, beynəlxalq hüququn tətbiqi, regional sülh, strateji tərəfdaşlıqlar və geoiqtisadi əməkdaşlıq bir-biri ilə əlaqəli məsələlər kimi təqdim olunur.

Müasir dünyada münaqişələrin, geosiyasi rəqabətin və qarşılıqlı etimad çatışmazlığının artdığı bir şəraitdə Azərbaycanın irəli sürdüyü əsas mesajlardan biri ondan ibarətdir ki, dayanıqlı beynəlxalq münasibətlər qarşılıqlı hörmətə, suveren bərabərliyə və beynəlxalq hüququn ardıcıl tətbiqinə əsaslanmalıdır. Bu prinsiplərin real siyasi praktikada təmin olunması isə yalnız dialoqun deyil, həm də konkret öhdəliklərin yerinə yetirilməsinin vacibliyini ortaya qoyur.

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031