azturkxeber.az
http://azturkxeber.az

Mütəxəssis: İsti hava bəzi dərmanların orqanizmə təsirlərini dəyişdirə bilər

30-07-2026

Mütəxəssis: İsti hava bəzi dərmanların orqanizmə təsirlərini dəyişdirə bilər

İsti hava şəraiti insan orqanizminə müxtəlif təsirlər göstərərək bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Belə ki, bədənin tərləməsi orqanizmdə suyu və mineral duzları azaldır. Nəticədə isə susuzlaşma, halsızlıq, başgicəllənmə, diqqətin zəifləməsi və arterial təzyiqin enməsi müşahidə edilir.

Azturkxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

O qeyd edib ki, günəşin altında uzun müddət qalmaq günvurma riskini də artırır. Günvurma zamanı bədənin hərarəti təhlükəli həddə yüksəlir, huşun itməsi, qıcolmalar və hətta həyati təhlükə yarana bilər. İsti hava ürək-damar, tənəffüs sistemi, böyrək xəstəlikləri, eləcə də şəkərli diabet kimi xroniki xəstəliklərin gedişatına mənfi təsir göstərərək, onların kəskinləşməsinə səbəb olur. Yaşlılar, körpələr, uşaqlar, hamilə qadınlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər isti havanın mənfi təsirlərinə daha həssasdırlar.

“Bu risklərin qarşısını almaq üçün gün ərzində kifayət qədər su qəbul etmək, susuzluq hissi olmasa belə, müntəzəm maye içmək vacibdir. Günəş şüalarının ən intensiv olduğu saat 11:00–dan 17:00-dək olan müddətdə açıq havada uzun müddət qalmaqdan çəkinmək, kölgəli və sərin məkanlara üstünlük vermək tövsiyə olunur. Həmçinin açıq rəngli, yüngül və hava keçirən geyimlərdən istifadə etmək, papaq və günəş eynəyi taxmaq, eləcə də günəşdən qoruyucu kremlərdən yararlanmaq mühüm əhəmiyyət daşıyır. Fiziki gərginlik tələb edən işləri və idman məşqlərini səhər erkən və ya axşam saatlarına keçirmək daha məqsədəuyğundur. Qapalı məkanların yaxşı havalandırılması və ya kondisionerdən düzgün istifadə edilməsi bədənin hərarətinin normal səviyyədə saxlanmasına kömək edir. Alkoqollu və yüksək şəkər tərkibli içkilərdən uzaq durmaq, meyvə və tərəvəzlərlə zəngin, yüngül qidalanmaya üstünlük vermək də sağlamlığın qorunmasına müsbət təsir göstərir",- deyə mütəxəssis-ekspert vurğulayıb.

Zakir Quliyev isti hava şəraitinin bəzi dərmanların təsirini dəyişdirə və ya onların yan təsirlərinin daha qabarıq şəkildə özünü göstərməsinə səbəb ola biləcəyini də söyləyib: “Orqanizmin maye itirməsi arterial təzyiq dərmanları, şəkərli diabet əleyhinə vasitələr, ürək dərmanları, psixi xəstəliklərin müalicəsində istifadə olunan preparatlar və bəzi antihistamin vasitələr qəbul edən şəxslər üçün əlavə risk yaradır. Eyni zamanda, bəzi dərmanlar tərləmə prosesini zəiflədərək orqanizmin soyuma qabiliyyətini azalda bilər ki, bu da günvurma riskini artırır. Lakin bütün bunlara baxmayaraq, həkim məsləhəti olmadan dərmanların dozasını dəyişdirmək, qəbulunu azaltmaq və ya tamamilə dayandırmaq qətiyyən tövsiyə olunmur. Dərmanların istifadəsi ilə bağlı hər hansı dəyişiklik yalnız həkim tərəfindən xəstənin ümumi vəziyyəti, yaşı, mövcud xəstəlikləri və qəbul etdiyi preparatlar nəzərə alınmaqla aparılmalıdır. İsti havalarda dərmanların saxlanma şəraiti də xüsusi əhəmiyyət daşıyır. Bir çox preparat birbaşa günəş şüalarının təsiri altında öz təsirini itirə və ya kimyəvi xüsusiyyətlərini dəyişə bilər. Bu səbəbdən dərmanlar təlimatda göstərilən temperatur şəraitində, quru və sərin yerdə saxlanmalıdır. Xüsusilə, insulin kimi bəzi preparatlar temperatur dəyişikliklərinə daha həssasdır və onların düzgün saxlanılması vacibdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031