azturkxeber.az
http://azturkxeber.az

“Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsinin açılış mərasimi keçirilib

30-07-2026

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşdırılan “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü mərhələsinin açılış mərasimi keçirilib.

Partiyadan Azturkxeber.az-a bildirilib ki, əvvəlcə Gəncə şəhərində müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Gəncə İdman Sarayında təşkil olunan layihənin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov “Heydər Əliyev məktəbi” layihəsinin növbəti mərhələsinin Nizami yurdu Gəncədə keçirilməsinin böyük mənəvi və siyasi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi müasir Azərbaycan dövlətinin möhkəm təməlini təşkil edir və bu irsin öyrənilməsi gənclərin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. B.Aslanov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində, o cümlədən Gəncədə həyata keçirilən genişmiqyaslı quruculuq və müasir şəhərsalma layihələri Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurlu davamıdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin Azərbaycanın ən böyük milli sərvətlərindən biri olduğunu bildirib. O qeyd edib ki, Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Gəncənin inkişafına, şəhərin sənaye, elm və mədəniyyət mərkəzi kimi formalaşmasına göstərdiyi diqqət və qayğı bu gün də böyük ehtiramla xatırlanır. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova bildirib ki, “Heydər Əliyev məktəbi” layihəsi gənclərin siyasi biliklərinin artırılması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması və partiya fəallarının intellektual potensialının inkişaf etdirilməsi baxımından mühüm platformadır. O qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu layihə iştirakçılarda Azərbaycanın müasir memarlıq simasının formalaşmasında Heydər Əliyev siyasi xəttinin rolu barədə daha dolğun təsəvvür formalaşdıracaq.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təlimi müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin və strateji uğurların əsasını təşkil edir. Onun sözlərinə görə, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində yaradılmış güclü dövlət modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən qüdrətli mərhələsini yaşayır. Z.Əsgərov Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasını, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və şəhərsalma layihələrini Heydər Əliyev siyasi irsinin uğurlu davamı kimi dəyərləndirib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi ölkənin bütün bölgələrinin tarazlı inkişafında, yerli idarəetmənin təkmilləşdirilməsində və sosial-iqtisadi infrastrukturun formalaşdırılmasında mühüm rol oynayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən müasir şəhərsalma konsepsiyaları Ulu Öndərin müəyyən etdiyi strateji hədəflərin uğurlu təcəssümüdür. S.Novruzov gəncləri Heydər Əliyev irsini dərindən öyrənməyə və dövlətçilik ənənələrinə sadiq qalmağa çağırıb.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli isə “Heydər Əliyev məktəbi” layihəsinin regionlararası əməkdaşlığın inkişafına, xüsusilə Naxçıvan və Gəncə şəhərlərinin gəncləri arasında həmrəyliyin möhkəmlənməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verdiyini deyib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik məktəbinin öyrənilməsi və təbliği gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik ruhunda formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031