BMT Beynəlxalq Dostluq Günündə insanları mərhəmətə və şəfqətə çağırıb
İyulun 30-da Beynəlxalq Dostluq Günü qeyd olunur.
Azturkxeber.az xəbər verir ki, bu əlamətdar gün BMT Baş Assambleyası tərəfindən 2011-ci il mayın 3-də təsis edilib. Onun əsas məqsədi fərqli sivilizasiyalara, dinlərə və mədəniyyətlərə malik olan insanlar arasında sülhü, mehriban münasibətləri, mərhəməti təşviq etməkdir.
BMT-nin Beynəlxalq Dostluq Günü münasibətilə dərc etdiyi müraciətdə deyilir: “Ölkələr arasında müharibələr, münaqişələr, bərabərsizlik və qorxu ilə daha da gərginləşən, təfriqənin daha da gücləndiyi bir dövrdə dostluğa həmişəkindən çox ehtiyac duyulur. O, siyasətlə gəlmir, ibarəli çıxışlara və ya imzalara ehtiyac duymur. Dostluq daha sakit şəraitdə mehriban söhbətlə, doğmalıqla, mərhəmət və şəfqətlə başlayır”.
Təşkilat qeyd edir ki, builki Beynəlxalq Dostluq Günündə əsl sülh yalnız danışıqlar masasında və ya müqavilələrə deyil, gündəlik həyatda insanların bir-birinə etibarı ilə qurulur. “Xüsusilə, gənclər arasında dostluq daha güclü və əhəmiyyətlidir. O, bizi bölə biləcək dilləri, inancları və tarixləri aşır, mühakimə etməzdən əvvəl qulaq asmağa, uzaqlaşmaq asan olanda qalmağa dəvət edir. Mədəniyyətlər və icmalar arasında möhkəmlənən dostluq əlaqələri tədricən barışıq planına çevrilir”.
Müraciətdə qeyd olunur ki, dünyanın dərin etimad böhranı ilə üz-üzə qaldığı bir vaxtda millətlər arasında, cəmiyyətlər, hətta ailələr daxilində dostluğa çağırış sentimental jest deyil, vacib amildir. İnsanlar dostluq vasitəsilə daha yaxşı dünya nizamı qurmağa qadirdirlər.
BMT Beynəlxalq Dostluq Gününü qeyd etmək üçün hökumətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qruplarını sivilizasiyalar arasında dialoqun, həmrəyliyin, qarşılıqlı anlaşmanın və barışığın təşviq edilməsi istiqamətində səylərə töhfə verən tədbirlər, fəaliyyətlər və təşəbbüslər keçirməyə təşviq edir.
Beynəlxalq Dostluq Günü UNESCO tərəfindən irəli sürülən və zorakılığı rədd edən, problemlərin həlli məqsədilə münaqişələrin köklü səbəblərini aradan qaldıraraq onların qarşısını almağa çalışan dəyərlər, münasibətlər və davranışlar toplusu kimi müəyyən edən təklifdən sonra irəli sürülən təşəbbüsdür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: