Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir




19–20 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının VII turunun oyunları keçirilmişdir.
Azturkxeber.az xəbər verir ki, turun ilk oyun günündə, iyunun 19-da saat 12:00-da keçirilən qarşılaşmada “Sərhədçi” çövkən komandası “Şamaxı” komandası üzərində inamlı oyun nümayiş etdirərək 3:0 hesablı qələbə qazanmışdır. Günün növbəti oyununda isə “Buta Golden” komandası “Xəzər” komandası ilə qarşılaşmış və rəqibini 7:0 hesabı ilə məğlub etmişdir.
İyunun 20-də baş tutan oyunlarda “Embawood” və “Polad” komandaları bərabər səviyyəli mübarizə nümayiş etdirərək meydanı qolsuz heç-heçə ilə tərk etmişlər. Turun ən böyükhesablı qələbələrindən biri “Zəfər” komandasının aktivinə yazılmış, komanda “Atilla” üzərində 11:0 hesablı parlaq qələbə qazanmışdır.
VII turun son qarşılaşması “Omar” və “Elit” komandaları arasında keçirilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Elit” komandası üstün oyun sərgiləyərək rəqibini 7:0 hesabı ilə məğlub etmişdir.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında VIII turun oyunlarının 26–27 iyun 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: