Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

12 iyun 2026-cı il tarixində Milli Kitabxanada Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəaliyyətini, ölkənin sabitliyi və inkişafı naminə göstərdiyi xidmətlərini təbliğ etmək, milli birlik və dövlətçilik dəyərlərini aşılamaq məqsədilə “15 iyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Azturkxeber.az xəbər verir ki, sərgidə Azərbaycan dövlətinin qurucususu, görkəmli siyasi və tarixi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı, həmin dövrdə xalqımızın taleyi ilə bağlı mühüm məsələlərin həlli istiqamətində gördüyü işlər, milli azadlıq hərəkatı, Yeni Azərbaycan Partiyasının yaranması, həyata keçirdiyi daxili və xarici siyasət, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində misilsiz xidmətləri, zəngin siyasi irsi, eləcə də Azərbaycan tarixinin, mədəniyyətinin və elminin inkişafındakı rolu haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, fotoalbomlar və digər nəşrlər nümayiş olunur.
15 İyun – hər birimiz üçün həm tarixi xilaskarlıq, həm də milli qurtuluş günüdür.
Azərbaycan xalqının azadlığının və müstəqil dövlətçiliyinin taleyinin həll olunduğu ən ağır günlərdə, xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı nəticəsində respublikamız dərin ictimai-siyasi və iqtisadi böhrandan, vətəndaş qarşıdurmasından və parçalanmaq təhlükəsindən xilas olub, ölkənin sabit inkişafının və müasir dövlət quruculuğunun möhkəm təməlləri qoyulub.
Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində və inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində mühüm dönüş yaradıb, elmi əsaslara və beynəlxalq norma-prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin əsasını qoyub.
Ulu Öndərin yenilməz iradəsi, uzaqgörən siyasi fəaliyyəti və Vətənə sonsuz sədaqəti onu bütün dünya azərbaycanlılarının liderinə çevirib, zəngin və mənalı ömür yolu isə doğma Azərbaycana xidmət nümunəsi kimi tarixə həkk olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin ideyalarını uğurla davam etdirərək, xalqımızın ən böyük arzularından birini reallığa çevirib, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olub. Bu gün Azərbaycanın hər bir guşəsində üçrəngli Dövlət Bayrağımız qürurla və əzəmətlə dalğalanır.
Bütün bu uğurların təməlini qoymuş ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayır, onun zəngin dövlətçilik irsi gələcək nəsillər üçün də hər zaman örnək olub və olacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: