Ədalət Verdiyev: "Rusiyanın Zəngəzur bölgəsində hərbi fəallığının artdığı iddia olunur"
Ermənistan mətbuatında yayılan məlumatlara görə, erməni jurnalist Jirayr Voskanyan Rusiyanın Zəngəzur bölgəsində hərbi mövcudluğunu davam etdirdiyini, hətta müəyyən istiqamətlərdə artırdığını iddia edib.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev Azturkxeber.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, Meğri rayonunda yerləşən bəzi strateji əhəmiyyətli yollarda Rusiya hərbçiləri fəaliyyət göstərir. İddialara əsasən, həmin ərazilərdə yerli sakinlərin və xarici vətəndaşların hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur.
Ədalət Verdiyev qeyd edib ki, daha əvvəl Ermənistan tərəfi Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə Rusiya hərbçilərinin fəaliyyət göstərmədiyini bəyan etmişdi. Lakin son vaxtlar yayılan məlumatlar Ermənistanın rəsmi açıqlamaları ilə ziddiyyət təşkil edir.
Ekspert vurğulayıb ki, Rusiya hərbçilərinin Ermənistan ərazisində bu cür nəzarət funksiyalarını həyata keçirməsi beynəlxalq hüquqi baxımdan mübahisəli məsələdir və ciddi suallar doğurur.
Onun fikrincə, Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə Rusiya hərbçilərinin aktivliyinin artması Ermənistana qarşı əlavə təzyiq elementi kimi qiymətləndirilə bilər.
Ədalət Verdiyev hesab edir ki, bu cür addımlar Ermənistan-Rusiya münasibətlərində mövcud gərginliyi daha da dərinləşdirə bilər. O, həmçinin bildirib ki, Ermənistan vətəndaşlarının hərəkət azadlığının Rusiya hərbçiləri tərəfindən məhdudlaşdırılması ilə bağlı iddialar Rusiya qoşunlarının Ermənistan ərazisində qalma müddəti və ümumilikdə hərbi mövcudluğu ətrafında müzakirələri yenidən gündəmə gətirə bilər.
Azturkxeber.az Sahilə Bayramlı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
