azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Dövlət İqtisad Universitetində əmək yarmarkası keçirilib

13-05-2026

Tədbirdə 124 işəgötürən tərəfindən 830-dan çox vakansiya təqdim edilib.
Azturkxeber.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirilib.
Tədbir işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, habelə yuxarı kurslarda təhsil alan tələbələrin, əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunların əmək bazarına çıxışının dəstəklənməsi, onların ixtisas və maraq dairəsinə uyğun vakant iş yerlərinə dair məlumatlandırılması, işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına şərait yaradılması məqsədi daşıyıb.
Əmək yarmarkasının açılışında çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov universitetin əsas prioritetlərindən birinin tələbələrin əmək bazarına hazırlığının gücləndirilməsi olduğunu bildirib. Rektor qeyd edib ki, UNEC-də təhsil yalnız nəzəri biliklərlə məhdudlaşmır, tələbələrin praktiki bacarıqlarının formalaşdırılması, iş dünyasının tələblərinə uyğun kadr kimi yetişməsi istiqamətində də ardıcıl iş aparılır. O vurğulayıb ki, karyera yarmarkaları tələbələrin işəgötürənlərlə birbaşa ünsiyyət qurmasına, real iş mühiti ilə tanış olmasına və gələcək peşə seçimlərini daha düzgün müəyyən etməsinə geniş imkan yaradır.
Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov çıxışında əmək bazarında rəqəmsallaşma və texnoloji yeniliklərin yeni bacarıqlara olan tələbi artırdığını bildirib, dövlət, təhsil müəssisələri və işəgötürənlər arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. H.Abbasov Agentliyin əsas məqsədinin dayanıqlı və keyfiyyətli məşğulluğun təmin olunması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və əmək bazarının tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsi olduğunu qeyd edib. Sədr bildirib ki, cari ilin 1 may tarixinədək ölkə üzrə 74 əmək yarmarkası, o cümlədən işğaldan azad edilmiş ərazilərdə 10 əmək yarmarkası təşkil edilib, bu yarmarkalarda 643 işəgötürən iştirak edib və 4715 vakansiya təqdim olunub.
Yarmarkada iştirak edənlər təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.
Aktiv məşğulluq tədbirində 124 işəgötürən tərəfindən 830-dan çox vakansiya təqdim edilib. İştirakçılara bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Yarmarkada Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz stendləri ilə iştirak ediblər. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.
Tədbirə qatılan şəxslər Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq imkanı əldə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031