azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin payız sessiyası başa çatıb

30-12-2025

2025-ci ildə Milli Məclisin 38 plenar iclası keçirilib, 181 qanun və 33 qərar qəbul edilib

Milli Məclisin payız sessiyası başa çatıb. Sessiyanın bu gün keçirilən sonuncu iclasında spiker Sahibə Qafarova sessiya və il ərzində görülmüş işlər haqqında məlumat verib. Onun sözlərinə görə, ötən il ərzində Milli Məclis Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərinə əsaslanaraq dövlət siyasətinin qanunvericilik ölçüsünü layiqincə təmin etməyə çalışıb. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, il ərzində parlamentin fəaliyyəti milli dövlətçiliyimizin Konstitusiya əsaslarının daha da möhkəmləndirilməsinə, müasir və dayanıqlı qanunvericilik bazasının formalaşdırılmasına, hüquq sisteminin təkmilləşdirilməsinə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı surətdə qorunmasına yönəlib.

Bildirilib ki, payız sessiyasında parlamentin 16 iclası olub, 86 qanun və qərar layihəsinə baxılıb. Ümumiyyətlə, 2025-ci ildə Milli Məclisin 38 plenar iclası keçirilib, 181 qanun və 33 qərar qəbul edilib.

Qəbul olunmuş qanunlar arasında 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanunlar xüsusi qeyd olunub. Həmçinin “Qaz təchizatı haqqında”, “İstilik təchizatı haqqında”, “Dövlət xidmətləri haqqında”, “Azərbaycan Respublikasının daxili qoşunları haqqında”, “Xüsusi icra məmurları haqqında” qanunlar və digər qanunvericilik aktları dövlət həyatının müxtəlif sahələrində fəaliyyəti tənzimləməyə yönəlib.

Milli Məclisdə 8 dinləmə, 3 ictimai müzakirə, 1 genişləndirilmiş iclas və 5 konfrans keçirilib

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan işbirliyi xüsusi əhəmiyyət daşıyır. Çıxışda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi arasında müntəzəm təmasların icra və qanunvericilik hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinə sistemli xarakter verməyə kömək göstərdiyi qeyd olunub. Spiker Sahibə Qafarova, eyni zamanda, parlamentlə hökumət arasında konstruktiv əməkdaşlığa da diqqəti cəlb edib. Bildirilib ki, yola saldığımız il ərzində hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri Milli Məclisin və komitələrin iclaslarına dəvət olunub, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilib, eyni zamanda, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınıb. İl ərzində Milli Məclisdə 8 dinləmə, 3 ictimai müzakirə, 1 genişləndirilmiş iclas və 5 konfrans keçirilib.

Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilən tədbirdə çıxış edərək milli inkişafın mühüm istiqamətləri ilə yanaşı, Azərbaycan dilinin qorunması məsələlərinə xüsusi diqqət yetirmişdi. Dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilmişdir. Konfransın məqsədi möhtərəm Prezidentin qaldırdığı problemlərlə əlaqədar Azərbaycan dilinin qorunması və inkişafı strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyən etmək idi.

Qanunvericilik və qanunyaratma sahəsində görülən işlərlə yanaşı, Milli Məclis bəzi beynəlxalq qurumların və xarici dövlətlərin Azərbaycanı gözdən salmağa, onun suverenliyinə qəsd etməyə yönələn hərəkətlərinə etiraz əlaməti olaraq bəyanatlar qəbul edib.

Milli Məclisdə 3 minə qədər vətəndaş qəbul edilib, parlamentdə 22 mindən çox vətəndaş müraciətinə baxılıb

Milli Məclisin sədrinin sözlərinə görə, parlament nəzarət funksiyasını bu il də səmərəli surətdə həyata keçirib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilib.

Bildirilib ki, ötən dövrdə Milli Məclis deputatlarının seçki dairələrində işinə yenə də xüsusi diqqət yetirilib. Millət vəkilləri öz seçiciləri ilə müntəzəm görüşlər keçirib, onları düşündürən məsələləri Milli Məclisin iclaslarında, eləcə də digər hakimiyyət orqanları qarşısında qaldırıblar. Həmçinin, Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində də lazımi tədbirlər həyata keçirilib. İl ərzində Milli Məclisin rəhbərliyi, komitə sədrləri, Aparatın rəhbəri və şöbə müdirləri, İşlər müdiri tərəfindən 3 minə qədər vətəndaş qəbul edilib, parlamentdə 22 mindən çox vətəndaş müraciətinə baxılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031