Bakıda Böyük Britaniyada fəaliyyət göstərən azərbaycanlı alimlərlə işgüzar görüş keçirilib


Bakıda Böyük Britaniyada elmi sahədə fəaliyyət göstərən azərbaycanlı alimlər Aygün Azadova və Fərid Ədilov ilə işgüzar görüş təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, görüş çərçivəsində qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə edilib, mövcud fəaliyyətlərin təhlili aparılıb və daha məqsədyönlü yanaşmaların formalaşdırılması məsələləri diqqət mərkəzində olub. Müzakirələr zamanı elm, ali təhsil və dövlət siyasətinin qarşılıqlı əlaqədə inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
Bildirilib ki, Aygün Azadova Dövlət Proqramı əsasında Böyük Britaniyanın Essex Universitetində doktorantura təhsilini başa vurub və süd vəzi xərçəngi üzrə apardığı elmi tədqiqatı uğurla müdafiə edib. O, eyni zamanda həmin universitetdə biologiya ixtisası üzrə tədris fəaliyyəti həyata keçirərək müəllim və fənn rəhbəri kimi çalışıb. Tədris sahəsində göstərdiyi yüksək nəticələrə görə 2024-cü ildə “Təhsildə Mükəmməllik” mükafatına layiq görülüb ki, bu da azərbaycanlı alimlərin beynəlxalq elmi mühitdə qazandığı etimadın göstəricisi kimi qiymətləndirilib.
Qeyd olunub ki, Fərid Ədilov uzun illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, o cümlədən Xarici əlaqələr və protokol xidməti şöbəsinin rəhbəri vəzifəsində çalışaraq dövlət idarəçiliyi sahəsində geniş praktiki təcrübə əldə edib. Hazırda o, Essex Universitetinin Sosiologiya və Kriminologiya Departamentində doktorantura təhsili alır və paralel olaraq pedaqoji fəaliyyət göstərir. Onun elmi araşdırması Azərbaycanın nümunəsi əsasında qadınların milli qanunvericilik orqanlarında təmsilçiliyinin qərarların qəbuluna təsirinin öyrənilməsinə həsr olunub. Bildirilib ki, tədqiqatın nəticələrinin növbəti ildə Oxford Universitetində təqdim olunması planlaşdırılır.
Görüş zamanı Aygün Azadova və Fərid Ədilovun 15–16 dekabr 2025-ci il tarixlərində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsində professor-müəllim heyəti və tələbələr üçün keçirdikləri ixtisaslaşmış təlimlər də xatırladılıb. Akademik heyət üçün təşkil olunan “Ali təhsildə tədris və öyrənmə” mövzusunda təlim çərçivəsində Böyük Britaniyanın ali təhsil təcrübəsi, QAA yanaşmaları və Professional Standards Framework 2023 əsasında müasir tədris və qiymətləndirmə mexanizmləri təqdim edilib. Tələbələr üçün keçirilən “Akademik oxu və yazı” mövzusunda sessiya isə onların beynəlxalq akademik standartlara uyğun bacarıqlarının inkişafına xidmət edib.
Diqqətə çatdırılıb ki, dövlət başçısının Qarabağ Universitetinin yeni tədris korpusunun açılış mərasimində xaricdə təhsil alaraq ali təhsil müəssisələrinin elmi və tədris potensialının gücləndirilməsinə töhfə verən mütəxəssislərə verdiyi yüksək dəyər xüsusi vurğulanıb. Bu yanaşmanın dövlətin insan kapitalının inkişafını və beynəlxalq təcrübənin ölkəyə transferini strateji prioritet kimi müəyyən etdiyini göstərdiyi bildirilib.
Görüşdə həmçinin alimlərin fəaliyyət göstərdikləri xarici ali təhsil müəssisələri ilə Azərbaycan universitetləri arasında institusional əməkdaşlığın genişləndirilməsi, birgə elmi tədqiqatların aparılması və akademik mübadilə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, Aygün Azadova və Fərid Ədilov bu istiqamətdə səmərəli əlaqələndirici rol oynaya bilərlər.
Görüşün sonunda alimlərin elmi fəaliyyəti, şəxsi və ictimai nailiyyətləri yüksək qiymətləndirilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: