2025-ci ildə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər görülüb

2025-ci ildə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər görülüb.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının yekunları və il ərzində görülmüş işlər haqqında danışarkən məlumat verib. Bu dövrdə Milli Məclis sədrinin 17 ölkəyə 4 rəsmi və 15 işgüzar səfəri olub. Spikerin sözlərinə görə, parlament nümayəndə heyətləri 15 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, 94 deputat 49 ölkəyə 201 səfər həyata keçirib.
Həm deputatların, həm də Milli Məclis sədrinin səfərlərində dövlətimizin xarici siyasətinin parlament səviyyəsində dəstəklənməsini təmin etmək üçün parlament diplomatiyasının imkanlarından istifadə edilib.
Bildirilib ki, ötən dövrdə 61 ölkənin və 20 beynəlxalq təşkilatın 165 nümayəndə heyəti, ümumən 1283 nəfər xarici qonaq Milli Məclisdə olub. Milli Məclisin sədri 4 ölkənin dövlət başçıları, 27 ölkənin parlament sədrləri və sədr müavinləri, 5 beynəlxalq parlament təşkilatının rəhbərləri, 6 ölkənin icra hakimiyyəti orqanlarının nümayəndələri, 9 ölkənin ombudsmanları, 16 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib.
Milli Məclis beynəlxalq təşkilatların xətti ilə 10 tədbirə ev sahibliyi edib.
Sahibə Qafarova deyib ki, parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərdən biri də 3 ölkənin parlamentləri ilə əməkdaşlıq haqqında sənədlərin imzalanması olub. Belə ki, Gürcüstan parlamenti ilə Əməkdaşlıq haqqında memorandum, Birləşmiş Ərəb Əmirlikləri parlamenti ilə Anlaşma memorandumu, Özbəkistan parlamenti ilə əməkdaşlığın inkişafına dair praktik tədbirlər planı (“Yol xəritəsi”) və Azərbaycan Respublikası Milli Məclisinin və Özbəkistan Respublikası Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamenti imzalanıb. Həmçinin spiker Sahibə Qafaovanın sədri olduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu, Tolerantlıq və Sülh Təşkilatı arasında memorandumlar da imzalanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: