azturkxeber.az
http://azturkxeber.az

Belçikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edildi

29-12-2025

 

Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi, “BUTAM” Azərbaycan Mədəniyyət Assosiasiyası, “RadiOcto” internet radiosu və Brüssel Azərbaycan Evinin birgə təşkilatçılığı ilə Belçikada yaşayan azərbaycanlı uşaqlar üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edilib.

Brüssel Azərbaycan Evində təşkil edilən bayram tədbirində ilk dəfə olaraq Belçikanın müxtəlif şəhərlərində yaşayan 50-ə yaxın azərbaycanlı uşaq, həmçinin onların valideynləri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində ölkəmizin Belçikadakı səfirliyinin birinci katibi Emin Rüstəmov çıxış edərək qarşıdan gələn hər iki bayram münasibətilə təbriklərini dilə gətirib, təşkilatçılara təşəkkür edib. O icma quruculuğu və diaspor fəaliyyətinin vacibliyinə toxunaraq Belçikada təşkil edilən bu qəbildən olan tədbirlərin Azərbaycan icmasının daha da böyüməsinə, güclənməsinə xidmət etdiyini söyləyib. Dövlətimiz tərəfindən ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimizə də böyük diqqətin göstərildiyini, bu xüsusda Belçikada yaşayan soydaşlarımızın tez-tez bir araya gələrək müxtəlif tədbirlər, iclaslar, toplantılar və s. keçirməsi üçün Brüssel Azərbaycan Evinin imkanları barədə məlumat verib.

“BUTAM” Assosiasiyasının sədri Yasəmən Abbasi təşkilatın fəaliyyəti və tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib, Azərbaycan icmasının üzvlərinin gələcəkdə ölkəmizlə bağlı həyata keçirilən müxtəlif məzmunlu layihələrdə daha da fəal olmağa çağırıb.

“RadiOcto” internet radiosunun rəhbəri Rüfət Abasov çıxış edərək radionun fəaliyyəti ilə yanaşı, son illərdə həyata keçirilən layihələrin Belçikadakı Azərbaycan icmasının birləşməsi və güclənməsindəki rolundan danışıb, eynin zamanda radionun müxtəlif dillərdə yayımlanmış verilişlərinin aparıcılarına təşəkkürnamə təqdim edib.

Tədbirin bədii hissəsində isə uşaqlar Azərbaycan xalq nağıllarının qəhrəmanları ilə tanış olub, onlarla maraqlı vaxt keçirtmək imkanı əldə ediblər. Daha sonra yeni ilin əsas simvollarından olan Şaxta Baba uşaqlarla görüşə gəlib, onlara müxtəlif hədiyyələr təqdim edib. Uşaqlar isə öz növbələrində Azərbaycan dilində müxtəlif şeirlər söyləyib, mahnılar oxuyub, Azərbaycan milli rəqs nümunələrini nümayiş etdiriblər.

Tədbirin əsas məqsədi Belçikada yaşayan azərbaycanlı uşaqlar, eyni zamanda onların valideynləri arasında həmrəylik ənənələrini və milli -mənəvi dəyərləri qoruyub saxlamaq, onlar arasında şəbəkələşməni yaxşılaşdırmaqla icmamızın daha da möhkəmlənməsi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031