Cəmiyyətdə inklüzivlik və ağlabatan uyğunlaşma səviyyəsinin ölçülməsi məqsədilə qiymətləndirmə sorğusu

Müraciət
Hörmətli vətəndaş!
Bu sorğunun keçirilməsinin əsas məqsədi cəmiyyətdə əlilliyi olan şəxslər üçün yaradılan vəziyyət və mövcud imkanlar barədə məlumat əldə etmək və əlilliyi olan şəxslərin birbaşa özlərinin fikirlərini öyrənməkdir.
Toplanacaq məlumatlar yalnız vəziyyətin real mənzərəsini əks etdirməklə kifayətlənməyəcək, gələcəkdə əlilliyi olan şəxslərin sosial inteqrasiyasını gücləndirəcək, onların bərabər imkanlardan yararlanmasına şərait yaradacaq yeni layihə və təşəbbüslərin hazırlanması üçün mühüm rol oynayacaqdır.
Bu baxımdan Sizin fikirləriniz və sorğuda iştirakınız bizim üçün çox dəyərlidir.
Sorğuda istifadə edilən müxtəlif terminlərin izahı
İnklüzivlik – orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi.
Müyəssərlik – iş, təhsil, səhiyyə, ictimai nəqliyyat və digər sahələrin əlilliyi olan şəxslərin rahat istifadə edə biləcəyi şəkildə qurulması.
Əlilliyə görə ayrı-seçkilik – əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə.
Ağlabatan uyğunlaşma – əlilliyi olan insanların rahat yaşaması, işləməsi və oxuması üçün edilən vacib və mümkün dəyişikliklər və yaradılan şərait.
Sorğu anketinin doldurulması üzrə təlimat
Bu təlimatın məqsədi sorğunun səmərəli, düzgün və etibarlı şəkildə doldurulmasını təmin etməkdir.
Sorğuda yer alan əksər suallar yalnız bir cavab variantı seçilərək cavablandırılmalıdır. Bu, iştirakçının konkret fikrini və ya mövqeyini müəyyən etmək üçün vacibdir. Qiymətləndirmə zamanı çevrə tipli boş xanaya klikləməklə seçim edilir. Seçim edildikdə, çevrənin içərisində yaşıl rəngli dairə simvolu görünəcək. Bu tip suallarda respondent yalnız bir cavab seçməlidir.
Müəyyən hallarda, birdən çox cavab variantının seçilməsi mümkündür və məqbul hesab olunur.
Respondentlər hər bir bölmənin sonunda olan “Qeyd” hissəsində öz təhlillərini, müşahidələrini və əlavə izahlarını sərbəst şəkildə ifadə edə bilərlər.
Vacib Qeyd:
Sorğu yalnız əlilliyi olan şəxsin bilavasitə özü tərəfindən doldurulmalıdır. Şəxsin sağlamlıq vəziyyəti sorğunu müstəqil şəkildə doldurmağa imkan vermədiyi halda sorğu həmin şəxsin birinci dərəcəli yaxın qohumu (ana, ata, bacı, qardaş, həyat yoldaşı və s.) və ya onun qanuni nümayəndəsi tərəfindən doldurula bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: