![]()
![]()
![]()
ADA Universitetində keçirilən “Yaşıl Enerji və Dayanıqlılıqda Universitetlərin Rolu” adlı beynəlxalq konfransın ikinci günündə Qarabağda həyata keçirilən bərpa və yenidənqurma prosesləri barədə məlumat verilib.
3 dekabr tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Aparıcı Universitetlər Tərəfdaşlıq Şəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasının sədri olaraq ADA Universitetinin təşkil etdiyi həmin beynəlxalq konfrans çərçivəsində, Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Şamxal Muxtarov, eləcə də Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Nərgiz Qaracayeva çıxış ediblər. Onlar işğaldan azad olunan ərazilərdə davamlı inkişaf və dayanıqlılıq istiqamətində görülən işlər, o cümlədən ağıllı kənd konsepsiyaları barədə məlumat təqdim ediblər.
Panel çərçivəsində, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ADA Universiteti tərəfindən 2025-ci ilin sentyabr ayından həyata keçiriləcək “İşğaldan azad olunmuş ərazilərə köçürülmüş keçmiş məcburi köçkün ailələrinin sosial-iqtisadi profilinin tədqiqatı üzrə sorğu” layihəsinin ilkin nəticələri də nümayiş olunub. “Yaşıl və Dayanıqlı Bərpa: Azərbaycan Təcrübəsi” adlı paneldə ADA Universitetinin tədqiqat qrupu Ağdam, Füzuli, Şuşa və Zəngilanda keçmiş məcburi köçkünlərlə aparılmış sorğunun nəticələrinə əsasən onların sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişaf istiqamətində tövsiyələr, innovativ yanaşmalar və gələcək perspektivlərlə bağlı təqdimat edib.
Qeyd edək ki, ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu (IDD), Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və AQEM-in tərəfdaşlığı ilə 2–3 dekabr tarixlərində keçirilən konfransda ev sahibi Azərbaycanla yanaşı, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Fələstin, Hindistan, İordaniya, İraq, İran, İsrail, Koreya Respublikası, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan, Tailand, Türkiyə və Vyetnam daxil olmaqla, 21 üzv ölkədən 50-dən çox professor, tədqiqatçı, ekspert və universitet nümayəndəsi iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.