azturkxeber.az
http://azturkxeber.az

Söz xalqın ruhuna yazılan tarixdir!

21-07-2025

Əgər bir liderin dediyi söz xalqın ürəyində yaşayırsa, demək o söz artıq qanunlardan, kitabələrdən və heykəllərdən daha möhkəm iz buraxıb. Zaman hər şeyi süzgəcdən keçirir, amma vicdandan çıxan sözləri silə bilmir. Buna görə də liderin söylədiyi hər bir fikir, filosofun dediyi hər müdrik kəlmə zamanın içində bir şahidə çevrilərək bir millətin yaddaşı, bir dövlətin fəlsəfəsi, bir insanlığın ümidi olur.

Söz yalnız rabitə vasitəsi deyil, tarixi yönəldən mənəvi gücdür. Zaman dəyişir, rejimlər gəlir-gedir, amma xalqın yaddaşında yalnız ilhamverici, dönməz, dərin mənalı sözlər yaşayır. Çünki söz xalqın ruhuna yazılan tarixdir, xalqın yaddaşında döyüşdən, qələbədən, hətta məğlubiyyətdən də dərin iz buraxır. Tarix bunu saysız misallarla sübut edib.

Heydər Əliyev demişdi: “Müstəqillik bizim ən böyük sərvətimizdir.”

Bu sadə, lakin möhkəm kəlam Azərbaycanın yeni dövlətçilik fəlsəfəsinin simvoluna çevrildi. Bu cümlə təkcə bir dövlət rəhbərinin fikri deyil, xalqın gələcəyinə verilmiş mənəvi zaminlikdir. Bu ifadə illərlə əsarətdə yaşamış bir millətin öz taleyini öz əlinə almaq haqqını tanıması demək idi.

Məhəmməd Əmin Rəsulzadənin məşhur kəlamı da bu sırada unudulmazdır: “Bir kərə yüksələn bayraq bir daha enməz.”

Bu cümlə sadəcə milli şüar deyil, eyni zamanda millətin əzmini təcəssüm etdirən siyasi-bədii manifestdir. O bayraq bu gün də dalğalanırsa, bu sözün gücünu nümayiş etdirir.

Mustafa Kamal Atatürkün “Ya istiklal, ya ölüm” çağırışı isə Türk xalqının siyasi müqavimət ruhunu əbədi olaraq kodlaşdırdı.

Vinston Çörçillin ağır müharibə illərində dediyi “Heç vaxt təslim olmayacağıq!” Sözləri bir xalqın tarix qarşısında andına çevrilərək xalqın iradəsini oyatdı, döyüş ruhunu dirçəltdi.

Nelson Mandela yazırdı:“İnsanlar nifrətlə doğulmur, demək ki, onlara sevgini öyrətmək olar.”

Bu sözlər bir dövlətin quruluşunda intiqam yox, ədalət və barış prinsipinə əsaslanmalı olduğunu sübut etdi. Mandela öz xalqına zorla yox, sözlə barış gətirdiyi hər kəsə məlumdur.

Ən böyük filosoflar da sözün dəyərini dərk edərək, bilirdilər ki, söz sadəcə ifadə deyil, bir mədəniyyət hadisəsidir.

Məsələn, Sokrat sözün məsuliyyətini öyrədir: “Danış ki, səni tanıyım.” Bu bir cümlə göstərir ki, insanın əsl mənliyi dilində və fikrində üzə çıxır, yəni söz insanın əxlaqıdır.

Əl-Fərabi isə deyirdi: “Ən ali cəmiyyət sözlə idarə olunan cəmiyyətdir.” Bu fikirdə təsdiqləyir ki, həqiqi dövlətçilik zorla yox, sözlə qanunla, hikmətlə qurulur.

Fridrix Nitşe isə belə deyirdi: “İnsan, sözləri ilə öz dəyərini ya yüksəldir, ya da alçaldır.” Bu, təkcə fərdi deyil, siyasi liderlərin də taleyinə aiddir. Söz ya hakimiyyəti qüvvətləndirir, ya da onu zəiflədir.

Bu baxımdan, dövlətinin gələcəyini düşünən hər bir siyasi fiqur, sözünün gücünü dərk etməli, sadəcə danışmamalı, danışdığının ağırlığını daşımağı bacarmalıdır. Söz bir anda deyil, nəsillərin yaddaşında yaşayacaq bir gələcəkdir. Bu gələcəyi qorumağın yolu isə sözə cavabdehlik hissi ilə yanaşmaqdan keçir. Sözə yüngül yanaşan liderlər zamanın sınağından keçmir, amma sözün çəkisini daşıyan dövlət başçıları tarixin etibarını qazanır.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır: “Biz söz vermişik və sözümüzə əməl etmişik. Azərbaycan dövləti verdiyi hər bir vədi yerinə yetirir.”

Bu yanaşma təkcə siyasi davranış deyil, eyni zamanda dövlət idarəçiliyində etibar fəlsəfəsidir. Çünki bir liderin sözündə səmimiyyət, ardıcıllıq və prinsipiallıq varsa, xalq həmin sözü imza kimi qəbul edir. Elə buna görə də, Prezidentin dilindən tez-tez eşidilən bu fikir sadə deyim deyil, siyasi məsuliyyətin ali ifadəsidir:

“Sözümüz imzamızdır.”

Bu imza – xalqın yaddaşında, dövlətin sənədində və tarixin qəlbində qalacaq imzadır.

Milli Məclisin deputatı Sadiq Qurbanov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031