Şimali Koreyada hərbi parad keçirilib
Koreya Xalq Demokratik Respublikasında (KXDR) hakim Koreya Fəhlə Partiyasının yaradılmasının 80-ci ildönümü tədbirləri çərçivəsində hərbi parad keçirilib.
Parad oktyabrın 10-da gecə saatlarında paytaxt Pxenyanın Kim İr Sen meydanında təşkil olunub. KXDR-in Dövlət İşlərinin Sədri Kim Çen In, habelə yubiley tədbirlərində iştirak etmək üçün KXDR-d səfərdə olan xarici qonaqlar, o cümlədən Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam, Çinin Dövlət Şurasının sədri Li Çian, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev paradı izləyiblər.
Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı məlumatda deyilir ki, paradda yeni “Hwasong-20” qitələrarası ballistik raketi də daxil olmaqla bəzi silah və texnikalar ilk dəfə nümayiş olunub. “Hwasong-20” ABŞ-a zərbə endirməyə qadir raket hesab olunur. Paradda bundan başqa, hipersəsli raketlər, “Chonma-20” tankı, 155 millimetrlik haubitsalar da nümayiş etdirilib.