Azərbaycanda immunizasiya üzrə menecerlər üçün təlimlər keçirilib
Azərbaycanda peyvənd xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən ölkəmiqyaslı təlim proqramı yekunlaşıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki Səhiyyə Nazirliyi (SN), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və ÜST-nin Azərbaycan üzrə Ölkə Ofisinin birgə təşkilatçılığı ilə həyata keçirilən bu təşəbbüs çərçivəsində respublikanın müxtəlif bölgələrindən 200-ə yaxın immunizasiya üzrə menecer təlimlərə cəlb olunub.
Aprelin 17-də Bərdə rayonunda başlayan, daha sonra Bakıda davam etdirilən altı mərhələdən ibarət olan ikigünlük sessiyalarda ilkin səhiyyə xidmətləri üzrə rəhbərlər və Gigiyena və Epidemiologiya mərkəzlərinin nümayəndələri iştirak ediblər. Təlim kursunun əsas məqsədi uşaqların immunizasiyası üzrə yenilənmiş təlimatın gündəlik praktikaya tam inteqrasiyasını təmin etmək olub.
İştirakçılar peyvəndin əhəmiyyəti, ictimai tərəddüdlərə elmi sübutlara əsasən effektiv cavab verilməsi, vaksinlərin təhlükəsiz şəkildə tətbiqi və saxlanılması, eləcə də, hesabatlılıq kimi mövzularda nəzəri və praktiki biliklər əldə ediblər. Təlimlər gecikmiş peyvənd cədvəli, peyvəndləmə əhatəsi faizinin hesablanması kimi real praktik nümunələr üzrə qrup işləri və yerli kontekstə uyğun müzakirələrlə zənginləşdirilib.
ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb. "İnanıram ki, əldə olunan biliklər immunizasiya xidmətlərinin keyfiyyətli idarəedilməsinə yardımçı olacaq və ailələrlə daha effektiv ünsiyyət qurmaqla peyvənd əhatəsini genişləndirəcək”, - deyə o diqqətə çatdırıb.
SN-in İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova da immunizasiyanın ictimai sağlamlığın təməli olduğunu qeyd edib: "Bu kimi təlimlər və birgə əməkdaşlıq ümumi səhiyyə strategiyamızın tərkib hissəsi olan immunizasiya proqramını gücləndirir. Uşaqların immunizasiyası üzrə yeni təlimat səhiyyə müəssisələrinə fəaliyyətlərini yenilənmiş və beynəlxalq tövsiyələrə uyğun təşkil etməyə dəstək olacaq".
TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı bildirib: “Bu təlimlər səhiyyə işçilərinin bilik və bacarıqlarını artırmaqla TƏBİB-in əsas prioritetlərindən biri olan əhalinin keyfiyyətli və əlçatan vaksinasiya xidmətləri ilə əhatə olunmasına xidmət edir. Ümid edirəm ki, peşəkar kadr potensialı və təkmilləşdirilmiş idarəetmə mexanizmləri əsasında daha məqsədyönlü və effektiv tədbirlər həyata keçirə biləcəyik. Nəticə etibarilə peyvəndlə əhatə dairəsinin daha da genişləndirilməsinə nail olacağıq”.
Qeyd edək ki, təlimlərdən sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqların gündəlik praktikaya tətbiqini izləmək məqsədilə monitorinqlərin keçirilməsi planlaşdırılıb. Bu, nəticələrin qiymətləndirilməsinə və əlavə dəstək ehtiyaclarının müəyyənləşdirilməsinə imkan verəcək.
Bu kimi təşəbbüslər immunizasiya səylərinin gücləndirilməsinə töhfə verərək ölkəni Universal Tibbi Təminata və ÜST-nin “Avropa İmmunizasiya Gündəliyi 2030”-un hədəflərinə çatmağa daha da yaxınlaşdırır.