Şöbə müdiri: Peyk müşahidələri kənd təsərrüfatında məhsuldarlığın artırılmasına mühüm töhfə verir
Peyk müşahidələri kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılması, torpaqlardan səmərəli istifadə və dövlət dəstək mexanizmlərinin effektiv icrasında mühüm rol oynayır.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı sektoru son illər ərzində rəqəmsallaşma və elektron idarəetmə istiqamətində mühüm irəliləyişlər əldə edib.
“2021-ci ildən başlayaraq kənd təsərrüfatında elektron subsidiya və idarəetmə sistemi tətbiq olunur. Bu sistem sayəsində dövlət dəstəyi və subsidiyalar fermerlərə birbaşa, vasitəçilər olmadan çatdırılır. Bu prosesin şəffaflığının təmin olunmasında və monitorinqində “Azərkosmos”un peyk müşahidələrinin böyük rolu var. Kənd Təsərrüfatı Nazirliyi və “Azərkosmos” arasında əməkdaşlıq kənd təsərrüfatı sektorunda resursların daha səmərəli idarə olunmasına, eləcə də iqlim dəyişikliklərinə qarşı adaptasiya tədbirlərinin gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində torpaqlardan istifadənin monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması və təbii resursların qorunması daha elmi əsaslarla təmin olunur”, – deyə Firudin Tağıyev bildirib.
Şöbə müdiri qeyd edib ki, peyk məlumatları vasitəsilə torpaq və su ehtiyatlarının vəziyyəti, əkin sahələrinin dinamikası və məhsuldarlıq göstəriciləri dəqiq izlənilir: “Bu məlumatlar həm kənd təsərrüfatı siyasətinin formalaşdırılmasında, həm də fermerlərin düzgün qərar qəbul etməsində mühüm əhəmiyyət daşıyır. Hazırda suvarma, torpaq münbitliyi və məhsul dövriyyəsi kimi göstəricilərin təhlili kosmik məlumatlara əsaslanır”.