RSXM-də Çinlə seysmologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Oktyabrın 21-də Çinin Elmlər Akademiyasının Uzaqdan Zondlama və Rəqəmsal Yer İnstitutunun baş katibinin müavini Li Renying AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub.
Görüşdə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonağa RSXM-nin fəaliyyəti, mərkəzdə aparılan kompleks geofiziki, seysmoloji, geodinamik və geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumat verib. Professor Qurban Yetirmişli həmçinin mərkəzin xarici ölkələrin seysmoloji mərkəzləri və aparıcı universitetləri ilə əməkdaşlığı, eləcə də Azərbaycan və xarici ölkələrdən olan seysmoloq alimlərin apardığı birgə elmi tədqiqatlar və layihələr haqqında məlumat verib. Hazırda Azərbaycanda 84 seysmik stansiyalar vasitəsi ilə seysmik tədqiqatların aparıldığını bildirən baş direktor alınmış məlumatların emalında ən müasir emal proqramlarının tətbiq edildiyini bildirib.
Professor Qurban Yetirmişli həmçinin kadr hazırlığı və xarici impakt faktorlu jurnallarda mərkəzdə aparılan elmi tədqiqatların nəticəsinə dair nəşr edilən məqalələr haqqında da qonağı məlumatlandırıb.
AMEA nəzdində RSXM-nin fəaliyyəti və mərkəzdə aparılan elmi tədqiqatların onlarda maraq doğurduğunu bildirən Çinin Elmlər Akademiyasının Uzaqdan Zondlama və Rəqəmsal Yer İnstitutunun baş katibinin müavini Li Renying Azərbaycan alimlərinin seysmik tədqiqatların aparılması sahəsində böyük nəticələr əldə etdiyini deyib. Qonaq bu baxımdan da mərkəzlə əməkdaşlığın qurulmasına maraqlı olduqlarını bildirib. Səfəri çərçivəsində RSXM-də aparılan işlər haqqında daha geniş məlumatlar əldə etdiyini bildirən qonaq ikitərəfli əlaqlərin inkişaf etdirilməsi üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması təklifi ilə çıxış edərək “ümid edirəm ki, belə bir sənədin imzalanması ikitərəfli əməkdaşlığımızın yaxından inkişaf etməsinə öz müsbət töhfələrini verəcək”- deyib.
Görüşdə həmçinin kadrların qarşılıqlı təcrübə mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib və foto şəkilib.
Qeyd edək ki, görüşdə AMEA nəzdində RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.